Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı paytaxtın Nəsimi rayonunda Heydər Əliyev Sarayı ilə Füzuli meydanı arasında salınmış mərkəzi istirahət parkının alt hissəsində 4500 avtomobil yerlik müasir tipli yeni avtoparkın istifadəyə verilməsi ilə əlaqədar müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, paytaxtda yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması, qanunsuz dayanma və parklanma sisteminin tənzimlənməsi məqsədi ilə Neftçilər, G.Səfərəliyeva, N.Nərimanov, İstiqlaliyyət, Gənclər meydanı (Qoşa Qala qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bülbül, R.Behbudov, Füzuli, Azadlıq, 28 May, Səməd Vurğun, Xaqani, Nizami, Ş.Bədəlbəyli, M.A.Əliyev, Ş.Qurbanov, C.Cabbarlı, Z.Əhmədbəyov (metronun Nizami stansiyasının qarşısı) küçələrini əhatə edən hissədə avtomobillərin parklanması və dayanması qadağan olunub.
Eyni zamanda, sərəncama əsasən, şəhərin mərkəzi hissəsində müvafiq icazə olmadan hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz avtomobil dayanacağına çevrilərək qanunsuz gəlir əldə edən şəxslər haqqında inzibati tədbirlərin görülməsi və bu hissədə qanunsuz parklanma hallarının qarşısının alınması Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunub.
Avtomobil sahiblərindən şəhərin mərkəzi hissəsində yaranmış sıxlığın qarşısını almaq və istifadələrindəki nəqliyyat vasitələrinin təhlükəsizliyi məqsədilə inşa edilmiş müasir standartlara cavab verən parkinqlərdən istifadə etmələri xahiş olunur.