Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində “Nəsimi rayon Şəhidləri” sənədli filminin təqdimatı olub.

25 iyun 2021 | 16:00

26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin  və gənclərin iştirakı ilə “Nəsimi rayon Şəhidləri” sənədli filminin təqdimatı olub.

Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni və hərbi marş səsləndirilib.  Sonra Nəsimi rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə lentə alınmış “Nəsimi rayon Şəhidləri”  sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı Azərbaycan xalqının, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi  qəhrəmanlıq  və şücaətlərdən danışaraq, qeyd edib ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bir daha sübut olundu ki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə iştirak edənlər- Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Məşədi Dadaş Məscidi Dini icmasının rəhbəri Hacı Şahin Həsənli çıxış edərək zəfərlə sona çatan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anıldığını bildirib, Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşıldığını qeyd ediblər.

Şəhid anaları – Lətifə Novruzova və Alimə Cəfərova onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələrinə şəhidlərin xatirə maketi və  ərzaq bağlamaları təqdim edilib.

Keçidlər