Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda rayon gənclərinin həqiqi hərbi xidmətə yolasalınması münasibətilə təntənəli tədbir keçirilib.

08 iyul 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən hərbi qulluqçuların ehtiyata buraxılması” haqqında 17 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi ilə birgə, rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı), təntənəli tədbir keçirilib. Rayon Ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən müharibəsi əlillərinin və veteranların iştirakı ilə keçirilən tədbirdə həqiqi hərbi xidmətə yola salınan gənclər və onların ailə üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildikdək sonra tədbirdə əvvəlcə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, hərbi marş sədaları altında həqiqi hərbi xidmətə yola düşən çağırışçılar səhnəyə daxil olublar.

Giriş sözü ilə mərasimi açıq elan edən  rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

 Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət – Xalq – Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır.Tez– tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının  sonunda natiq hərbi xidmətə yola salınan gənclərə öz arzularını bildirdi.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Namiq Hüseynov və  şəhid atası Ceyhun Kərimov çıxış edərək çağırışçı gənclərə Vətənə layiqli xidmət etmələrini tövsiyyə ediblər.

Daha sonra rayonun tədbirlərində fəal iştirakına görə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinə rayon İcra Hakimiyyətinin  Fəxri Fərmanı təqdim olunub.

Tədbirin sonunda çağırışçılar müqəddəs Qurani- Kərimin altından keçib, üçrəngli Azərbaycan bayrağını öpərək  hərbi xidmətə yola salınıblar.

 

Keçidlər