Nəsimi rayonunda Ak.Həsən Əliyev 1d və Azər Əliyev 5a saylı binalarının əhatə etdiyi ərazidə abadlıq işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 4 girişli Azər Əliyev 5a və 9 mərtəbəli, 8 girişli Həsən Əliyev 1d saylı binaların əhatə etdiyi ərazidə RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq hər iki binanın girişlərinin qapı və pilləkən qəfəsləri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb, binanın həyətinə tamet daşları vurulub, yeni bardürlər qoyulub, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar quraşdırılıb.
Hazırda binanın həyətində uşaqlar üçün oyun elementlərinin quraşdırılması və oturacaqlarin qoyulması üçün hazırlıq işləri aparılır.
Rayon İcra Hakimiyyətinin başçısı aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən həmin ərazidə yaşayan sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.