Nəsimi Rayon İcra Hakimiyyətində vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı müşavirə keçirilib.
Əsas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması, eyni zamanda, ölüm riskinin azaldılması olan vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsi sədrinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon Gənclər və İdman İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Xidmət nümayəndəliyinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.
Müşavirədə çıxış edən RİH başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərdən geniş danışaraq aparılan dövlət siyasətinin mərkəzində insan amilinin, o cümlədən, vətəndaşlarımızın sağlamlığının dayandığını qeyd etdi. Natiq çıxışına davam edərək, vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikamızda koronavirusa qarşı aparılan mübarizə modelinin dünyada nümunəvi qəbul edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, 18 yaşdan yuxarı vətəndaşlarımızın peyvənd olunması üçün bütün zəruri imkanlar yaradılmışdır.
Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.