Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Həsənov Teymur Mahal oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

25 oktyabr 2021 | 16:00

 

Soyad: Həsənov

Ad: Teymur

Ata adı: Mahal

Doğum tarixi: 03.04.1989

Şəhid olub: 25.10.2020

Rütbə: əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Çoxlu göyərçinləri var idi, sülh quşlarını çox sevirdi, elə sülhü də. Mövzu Vətən, onun azadlığı olunca sülh sevgisi belə onu dayandıra bilmədi. Hər şeyi geridə buraxıb sevdiyi Vətənini qorumağa yollandı.

Teymur Mahal oğlu Həsənov 1989-cu il aprelin 3-də Bakı şəhərində, hərbçi ailəsində dünyaya gəlib. 1996-cı ildə 153 nömrəli orta məktəbdə birinci sinfə qədəm qoyub.

Atası müharibə veteranı, ehtiyatda olan gizir Mahal Həsənov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Elə Vətənə, hərbi formaya ilk sevgisi də oradan yaranır.

Kiçik yaşlarından idmana da marağı olub, sərbəst güləşlə məşğul olan Teymur bir çox yarışlarda iştirak edib, mükafatlar qazanıb.
İdmana olan həvəsi onu 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almağa gətirib çıxarır.

2009-cu ildə ailə həyatı quran Teymur, 2011-2012-ci illərdə hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu uşaqlıq dostu Raufla birgə ödəyib.

Vətən Müharibəsi başlayanda hər kəs kimi o da, torpaqların müdafiəsinə qalxıb. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən Teymur oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsənov Teymur ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər