23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Prezident İlham ƏLİYEV: Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.
Dövlət qulluğunun tarixi ölkəmizdə ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəməxsus dövlət idarəçilik sistemi qurulmuş və dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır. Kadrların sistemli şəkildə hazırlanması və dövlət qulluğuna cəlb olunmasına ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dönəmində oldu. İlk dəfə olaraq dövlət idarəetmə sisteminə qəbulda önəmli rolu şəxsin sosial statusu deyil, dünyagörüşü, təhsili və dövlət qulluğunda çalışmağa əsas verən digər şəxsi keyfiyyətləri oynadı. Təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə xalq cümhuriyyətinin süqut etməsi bu prosesi dayandırdı.
Dövlət qulluğunun inkişafında və kadrların yetişməsində sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan Respublikasının rolu da qeyd edilməlidir. Bu dövrün dövlət qulluğu sistemi üçün olduqca ağır mərhələləri ilə yanaşı, tariximizə inkişaf və tərəqqi salnaməsi yazdığı mərhələsi də olmuşdur. Bu mərhələ də məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi ilə başladı.
Bu gün bütün azərbaycanşünasların gəldiyi ortaq nəticə budur ki, sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Heydər Əliyev respublikaya rəhbər seçiləndə dövlət, sovet və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idilər. Məhz Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane ola bilmədi. Ulu öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr potensialını da yaradırdı. Belə ki, ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.
Təəssüflər olsun ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldı. Nəticədə Azərbaycanda dövlət idarəetmə sistemi iflic vəziyyətə düşdü.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk iki ilində ölkədə hökm sürən hərc-mərcliyin dövlət idarəetmə sisteminə də sirayət etməsi respublikamızı parçalanmaya və vətəndaş müharibəsinə sürüklədi. Müstəqilliyimizin və dövlətçiliyimizin təhlükədə olduğunu görən xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət edilməsində gördü. Bu dəvət cavabsız qalmadı. Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi andan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələri sırasına siyasi-iqtisadi, sosial-mədəni və mənəvi həyatın bütün sahələrinin yeni əsaslar üzərində qurulması daxil edildi. Bu uca vəzifələrin həyata keçirilməsi respublikamızda müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını bir zərurətə çevirirdi. Bu zərurət isə düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi.
Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
-səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
-dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
-vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
-dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Cənab İlham Əliyevin dövlət başçısı seçilməsi Heydər Əliyevin bütün sahələrdə başladığı işlərin uğurlu inkişafını sürətləndirdi.
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. İstərdim ki, hər bir dövlət qulluqçusu dövlət qulluğuna qəbul olunarkən təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla içdiyi dövlət qulluqçusu andına daim sadiq qalsın, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".