Şriftin ölçüsü :

Saytın rəngi :

ADİU-nun 4 saylı tədris korpusunun əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirildi

25 sentyabr 2013 | 15:00

23 sentyabr 2013-cü il tarixində ADİU-nun Nəsimi rayonu ərazisində yerləşən 4 saylı tədris korpusunun əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov da iştirak etmiş, binada yenidənqurma işləri ilə ətraflı tanış olmuş, görülən işləri çox yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, 4 saylı tədris korpusunda 7000  kv.m-dən çox sahədə təmir işləri aparılmış, 89 otaq (o cümlədən 54 auditoriya, 5 laboratoriya, 11 kafedra və dekanlıq və s.) tamamilə müasir maddi texniki baza ilə təmin olunmuşdur. Binada 80 nəfərlik test üsulu ilə imtahan vermək üçün xüsusi otaq yaradılmış, tələbə və müəllimlər üçün yeməkxana və mətbəx müasir dizaynla yenidən qurulmuşdur.

Tədris korpusu optik kabellə universitetin əsas binası və serveri ilə birləşdirilmişdir. Bütün auditoriyalar kabel interneti və wi-fi ilə təmin olunmuş, interaktiv üsulla dərs keçmək üçün 46 auditoriyada diaproyektorlar, multi-sistemlər, koridor və auditoriyalarda isə audio sistemlər quraşdırılmışdır.

Tələbə və müəllimlərin rahatlığını təmin etmək üçün bütün partalar və mebellər yenilənmişdir. Akt zalı, tibb məntəqəsi, idman zalı, konfrans zalı, şahmat klubu, aerobika zalı və istilikxana tamamilə müasir tələblər səviyyəsinə gətirilmişdir.

Binanın fasadı yenilənmiş və qarşısında müəllim və tələbələrin istirahəti üçün park yaradılmış, ağaclar əkilmişdir.
Sonra cənab nazirin ADİU-ya yüksək balla daxil olmuş I kurs tələbələri ilə görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə universitetin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri professor Şəmsəddin Hacıyev açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə dövlət proqramlarının həyata keçirilməsinin mahiyyətindən, Universitetdə son dövrdə əsaslı, keyfiyyətli dəyişikliklərdən, yüksək peşəkar iqtisadçı vətənpərvər mütəxəssislərin hazırlanmasının vacibliyindən, təhsil sahəsində Universitetin rəqabətqabiliyyətliliyinin yüksəlməsindən və s. geniş məlumat verdi. Sonra Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, təhsil və elmin inteqrasiyasının əhəmiyyətindən, milli təhsil strategiyasının istiqamətlərindən, təhsil sahəsində aparılan islahatların mahiyyətindən geniş söhbət açaraq, bu sahədə hər bir ali təhsil müəssisəsinin Bolonya sisteminin tələblərinə uyğun olaraq, öz maddi-texniki bazasının yüksəlməsi ilə yanaşı, pedaqoji kadrların müasir standartlara cavab verməsinin, müəllim-tələbə münasibətlərinin, təhsildə ənənələrin qorunub inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamışdır. Nazir Azərbaycanın müasir, dinamik inkişafının əsas amillərindən biri kimi iqtisadiyyatı qeyd edərək, peşəkar iqtisadçı kadların hazırlanmasında İqtisad Universitetinin rolunu vurğulamış və gələcəkdə bu ali təhsil ocağının ölkəmizə daha çox töhfələr verəcəyinə əmin olduğunu bildirmişdir. Sonda nazir tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.

Keçidlər