Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati-Aliləri cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi - görkəmli dövlət xadimini, qüdrətli sərkərdəni - böyük Qələbənin - “8 noyabr Zəfər Günü”nün ildönümü münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edirik.
Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Siz xalqımızın zəfər salnaməsini yazdınız.
Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin - müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Bu, Qurtuluş tarixidir, Yüksəliş tarixidir, Zəfər tarixidir.
Müzəffər Ali Baş Komandan ! Sizin rəhbərliyiniz ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi haqq işinin qələbəsi və tarixi ədalətin bərpası ilə yekunlaşdı. Sizin sayənizdə xalqımız tarixin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu.
30 il ərzində BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi.
Bununla da dövlət başçısı cənab İlham Əliyev xalqımızın qəlbində Milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu.
Möhtərəm cənab Prezident!
Siz əvəzsiz fəaliyyətiniz, böyük qətiyyətinizlə təkcə müqəddəs torpaqlarımızı düşmən tapdağından qurtarmadınız, həm də haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz. Siz görkəmli dövlət xadimi kimi müdrik siyasətiniz nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdiniz.
Siz bizləri milli ruhumuza qovuşdurdunuz, milli qürurumuzu qorumağa qadir olduğumuzu bütün dünyaya sübut etdiniz, həm də dünya xalqlarına tarixi bir örnək verdiniz. Göstərdiniz ki, onilliklər ərzində ən nüfuzlu beynəlxalq təşkilatlar öz qətnamələrinin icrasını təmin edə bilmədikdə və dünya gücləri öhdəliklərini yerinə yetirmədikdə belə, Azərbaycan xalqının haqq savaşına çıxmaq hüququnu və hərbi yolla işğalçını cəzalandırmaq haqqını onun əlindən heç kim ala bilməz. Müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı məhz bu tarixi örnəyi dünya birliyinin yaddaşına həkk etdirdi. 44 günlük Vətən müharibəsi 30 illik torpaq həsrətimizə son qoydu, millət və xalq olaraq başımızı dik tuta bilmək haqqımızı bizlərə qaytardı. Uğrunda döyüşdüyümüz torpaqlar Vətən övladlarının qanı, canı bahasına azad edildi.
Sizin qəti iradəniz və müdrik xarici siyasətiniz, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.
Bu böyük Qələbə Sizin gərgin və yorulmaz əməyinizin, illər boyu formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, vaxtında yaradılmış güclü iqtisadiyyatın, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğunun, sarsılmaz daxili harmoniyanın və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyinin məhsuludur.
Möhtərəm cənab Prezident!
Sizin müdrik rəhbərliyiniz, misilsiz cəsarətiniz və yüksək təşkilatçılığınız sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz əhəmiyyətli işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.
Zati-Aliləri!
Möhtərəm cənab Prezident!
Ali Baş Komandan!
Bir daha Sizi, bu əlamətdar gün, tarixi zəfərimizin ildönümü münasibətilə təbrik edir, Sizə böyük ehtiramımızı çatdırmaqdan şərəf duyuruq.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon ictimaiyyəti adından İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov