Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Sizi - görkəmli fəaliyyəti ilə ölkəmizə böyük töhfələr verən ictimai-siyasi xadimi - böyük Qələbənin - “8 noyabr Zəfər Günü”nün ildönümü münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edirik.
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
Çağdaş tariximizə müstəqil Azərbaycanın Vətən müharibəsi adı ilə yazılan Qarabağ savaşının xalqımızın möhtəşəm qələbəsi ilə başa çatmasından keçən həftələr, aylar bu zəfərin misilsiz bir qəhrəmanlıqla qazanıldığını hər birimizə getdikcə daha dərindən anladır. Bu qələbə, həqiqətən, son 30 ildə başqa heç bir yolla mümkün olmayan, illər keçdikcə bir az da mürəkkəbləşib dolaşığa salınan Qarabağ münaqişəsinə yalnız xalqımızın öz iradəsi, gücü və qeyrəti ilə son qoyulmasının təntəntəsidir.
Bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayəsində çox qısa müddətdə qazanılan bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər sərkərdəliyi, xalqımızın hədsiz Vətən sevgisi və ordumuzun yenilməz döyüşkənliyi ilə gerçəkləşmiş bu zəfər, haqlı olaraq, son ikiminillik dövlətçilik tariximizin ən parlaq qələbəsi sayılır.
Danılmaz həqiqətdir ki, ölkəmizin şanlı Qələbə qazanmasının təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, düşünülmüş və müstəqil siyasəti dayanır.
Möhtərəm Mehriban xanım!
Ali Baş Komandanın ən sadiq silahdaşı kimi, Siz ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışlarınız ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdiniz. Cəbhədə döyüşən igid əsgərlərimizə dualarınız ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibətiniz ilə xalqımıza təsəlli oldunuz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi 44 günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən birinə çevrilmişdir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir.
Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi cənab İlham Əliyev ilə vəhdət təşkil edən möhkəm siyasi iradəniz, diplomatik bacarıqlarınız, dərin analitik təfəkkürünüz istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır.
Hörmətli Mehriban xanım!
Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş Ağdamdan xalqa müraciətində "Mən bu gün burada, Ağdamda dayanmışam. Öz ordumla, Qalib kimi” sözləri, müzəffər sərkərdənin öz qələbəsini bəyan etməsinin parlaq nümunəsi idi.
Bəli, cənab İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə çaldı və işğaldan azad edilmiş ərazilərimizə səfər edərək möhtəşəm zəfərini bütün dünyaya bəyan etdi. Yeni tarix yaratdı.
Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaqdır. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Vətənimizə daim sülh və firavanlıq arzulayırıq !
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon ictimaiyyəti adından İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov