Nəsimi Rayon İcra Hakimiyyətində 3-cü doza (“booster” doza) vaksinin vurulması prosesinin sürətləndirilməsi ilə bağlı növbəti müşavirə keçirilib.
Əsas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması olan vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.
Bu işlərin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, dövlət və qeyri-dövlət sektorunda, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların, ali və orta ixtisas təhsili müəssisələrində 18 və daha yuxarı yaşda olan tələbələrin peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon İdman və Gənclər İdarəsinin, rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış işçi qrupunun üzvlərinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında 3-cü doza (“booster” doza) vaksinin vurulması ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.
Müşavirədə çıxış edən RİH başçısı Asif Əsgərov bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir və eyni zamanda əhalinin “booster” doza ilə peyvəndolunma mərhələsi həyata keçirilir. Natiq çıxışına davam edərək, vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikamızda koronavirusa qarşı aparılan mübarizə modelinin dünyada nümunəvi qəbul edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd olundu ki, görülmüş tədbirlər nəticəsində “booster” doza ilə peyvənd olunmalı olan 50754 sakindən 17021 nəfər əhali “booster” doza ilə peyvənd olunub. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib, əhali arasında mütəmadi olaraq izahat-maarifləndirici tədbirlərin keçirilməsi tövsiyyə olunub.
Eyni zamanda rayon sakinlərinə “booster” dozanın vurulmasında daha fəal iştirak etmələri barədə müraciət edilib .