Şriftin ölçüsü :

Saytın rəngi :

İdeya və əməlləri ilə əbədiyyət qazanmış qüdrətli lider

12 dekabr 2021 | 16:00

    İdeya və əməlləri ilə əbədiyyət qazanmış qüdrətli lider

Hər il dekabrın 12-də xalqımız ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir. Zaman bizi ulu öndərin əbədiyyətə qovuşduğu o ağır və ağrılı gündən uzaqlaşdırdıqca onun zamana və məkana sığmayan nadir obrazı gözlərimiz önündə misilsiz bir möhtəşəmliklə canlanır.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşı­sındakı misilsiz xidmətləri yad­daşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoymuşdur. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suve­renliyi qoruyub saxlamaq missi­yası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək onun ən parlaq səhifələrinə çevrilmişdir. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin taleyüklü, çətin və şərəfli 2 mərhələsinin dolğun mənzərəsi canlanır. Xalqımızın bu dahi oğlunun bütün fəaliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkənin iqtisadi inkişafı və sosial-mədəni yüksəlişi yolu ilə sıx bağlı olmuşdur.

Milli lider və bəşəri şəxsiyyət me­yarlarını fəaliyyətində üzvi şəkildə qovuşdurmuş nadir siyasətçilərdən olan Heydər Əliyevin adı ümum­dünya tarixinə rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan, bu əlaqəni onun hərəkətverici qüvvəsinə çevirən yaradıcı siyasətçi kimi yazılmışdır. Azərbaycanın ümummilli liderini yetişdirən tarixi və çağdaş mühitin bütün təfərrüatlarını, amillər toplusunu göz önünə gətirdikcə bu həqiqətin təkzibedilməz olduğunu yəqin edirsən.

Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dün­yanın ən qüdrətli tarixi simaları sı­rasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də həmişə ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmiş­dir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir– Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!

Azərbaycan xalqının ötən əsrin ikinci yarısından başlayaraq XXI əsrin əvvəlinədək bütün ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən baş­layan və 35 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır.

Bu illər ərzində Azərbaycan bir çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Bu proses həyatımızda çox şeyi dəyişdirib. Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdı­rılıb.

Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yolu­muzu daim işıqlandırır. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin xalqımız üçün miras qoy­duğu ən böyük dəyərdir. Müstəqillik xalqımızın nəbzi ilə vuran şərəfli həyat və fasiləsiz tərəqqi prosesidir.

Aydın siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünya­görüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.

Böyük şəxsiyyətlər, öz əməlləri ilə tarix yaradır, onu zənginləşdirir və dəyişdirirlər. Bu baxımdan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarıməsrlik bir dövrünün başlıca məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir.

Bu gün ulu öndərimizin də ruhu şaddır. Xalqımız bu möhtəşəm qələbənin qazanılması üçün ulu öndərin yaratdığı önəmli əsasları qədirbilənliklə xatırlayır və bö­yük rəhbərin ruhuna rəhmət diləyir. Xalqımız yaxşı bilir ki, bu qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdur.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin ümumxalq işinə xidmətdə formalaşıb zənginləşmiş bioqrafiya­sına ümumdünya tarixi proseslərinin inkişafı baxımından yanaşanda onun bənzərsiz şəxsiyyəti bütün əzəməti ilə gözlərimiz önündə canlanır. Tarixin dövlətçilik praktika­sından öyrəndiyi və böyük təcrübəsi ulu öndərin çoxşaxəli, titanik fəaliyyətində bütün spektrləri ilə öz əksini tapmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın keçmişində də, gələcəyində də iştirak edən, xalqımı­zın və ölkəmizin yollarına daim işıq salan tarixi şəxsiyyətdir. Möhkəm dövlətçilik mövqeyi, dönməz iradə və ümummilli ideallar Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lide­ri mövqeyinə çatdırmışdır. Heydər Əliyevin qazandığı ümummilli liderlik ucalığı Azərbaycan xalqının siyasi və mənəvi ucalığının rəmzidir.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanı­şı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. O, yeni Azərbaycanın qurucusu olmuşdur.

Heydər Əliyev həm keçmiş so­vet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri sırasında layiqli yer tut­ması üçün böyük əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 35 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 35 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiya­sının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.

Ulu öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tarixmizdə həyata keçirilən tədbirlərə baxış keçirmək bir tələbdir.

Məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq bu fikir böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmış­dır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.

1969-cu il iyulun 14-də Azərbaycanda ali məqama yüksələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlan­dırdı. Yeni rəhbər hər kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytar­maq, habelə zəngin mədəni irsini yaratmaq naminə bir sıra tədbirlər reallaşdırdı.

Bütövlükdə, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də, milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inki­şafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycanın uğur­lu gələcəyi üçün atdığı addımlar idi.

Azərbaycan Sovet Respubli­kasını geridə qalmış bir respub­likadan hərtərəfli şəkildə inkişaf etmiş ölkəyə çevirmək Heydər Əliyevin siyasi məqsədi idi. Bundan başqa, sovet dövrünün çətin, sərt siyasi-ideoloji mühiti çərçivəsində Azərbaycanda həm də milli maraq­ların inkişaf etdirildiyi bir dövlətçilik sistemi formalaşdırmaq Heydər Əliyevin müəyyən olunmuş mövqeyi və düşünülmüş strategiyası idi.

Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respublika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqe­yinin ifadəsi idi. 1969 – 1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir respublika səviyyəsinə çatdır­maq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi.

Daha sonra ulu öndərimiz Kremldə yüksək vəzifəyə irəli çəkildi. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması çox yüksək bir qərar idi. Xalqımızın böyük oğlu bu dövlətin rəhbərlərindən biri oldu. O, Moskvaya vəzifəyə getsə də, Azərbaycanı unutmur, respublikanın problemlərinin həlli ilə yaxından məşğul olurdu. Azərbaycanın böyük oğlu SSRİ miqyasında da çox böyük işlər gördü. Bunun nəticəsidir ki, keçmiş ittifaq respublikalarında bu gün də Heydər Əliyev şəxsiyyəti böyük hörmətlə xatırlanır.

Ulu öndər Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Heydər Əliyev hələ Nax­çıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qaza­nılması və milli özünüdərkin təmin olunması prosesində də yaxından iştirak etmişdir.

1993-cü ilin böhranlı iyun günlərində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi əsasında yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlan­mış qurtuluş mübarizəsi özünün yeni həlledici mərhələsinə qədəm qoymuş, bütün Azərbaycanın qurtuluşu dövrü başlanmışdır. Bu, Heydər Əliyevin Vətən naminə mücadiləsində də yeni bir dövr açmışdır. 1993-cü ilin iyunun­da başlanmış bu tarixi mərhələ mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıl­ması, möhkəmləndirilməsi uğrunda mübarizə və müstəqil Azərbaycanın qurulması, ərazi bütövlüyümüzün bərpa edilməsi dövrüdür.

Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Vətənin qurtuluş savaşına rəhbərlik etmiş və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Ulu öndər Azərbaycan dövlətçiliyini, siyasi varlığımızı yox olmaq təhlükəsindən qurtarmış və çağdaş tariximizdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazanmışdır. Bu şanlı tarixi missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirmişdir.

Ümummilli lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respub­likanın qarşısında duran stra­teji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır.

Heydər Əliyev Azərbaycanın bir müstəqil dövlət olaraq bütün maddi və mənəvi potensialını səfərbər etməklə onun ayrı-ayrı istiqamətlər üzrə inkişaf imkanlarını müəyyənləşdirmiş, xüsusilə milli intellektual enerjini uğurlar qazan­mağa yönəltməyi və məharətlə idarə etməyi bacarmışdır. O, Azərbaycanın siyasi iradəsindən asılı olmayaraq dünyada cərəyan edən prosesləri məhz Azərbaycanın xeyrinə, ölkəmizin siyasi-iqtisadi ma­raqlarının mütləq dərəcədə nəzərə alındığı istiqamətə yönəltmişdir.

Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalan­ması isə Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmişdir. Dünya miqyaslı siyasətçi olaraq Heydər Əliyevin müdrik fəaliyyəti nəticəsində Azərbaycan öz geosi­yasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaratmağa nail olmuş və bu­nunla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açıl­mışdır. Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.

Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir. Bu modelin unikallığı ondan ibarətdir ki, mövcud problemlərin dinamik şəkildə aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın sabahına, gələcək nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir.

Müstəqilliyimizin 1993–2003-cü illəri əhatə edən on ili ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti xalqımız üçün mümkünsüz görünən bir çox problemin öhdəsindən uğur­la gəldi. Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişa­fın strateji hədəflərini müəyyən etdi. O inkişaf sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Dövlət müstəqilliyinin formalaş­dırılması və möhkəmləndirilməsi baxımından Azərbaycan xalqı­nın üzərinə hansı məsuliyyətli vəzifələr düşürdüsə, görkəmli dövlət xadimi Heydər Əliyev ha­mısını həyata keçirmiş, ölkəsi və xalqı adından tələb olunan bütün hünərin və fədakarlıqların, sözün əsl mənasında, qəhrəmanlığın nümunəsini göstərmişdir. Bütün bunlara görə müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər ümum­milli lider Heydər Əliyev dühasının təntənəsidir.

Ümummilli lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət– Heydər Əliyev dövlətçilik məktəbini yaratmışdır. Ulu öndər 2003-cü ilin oktyabrına – canın­dan artıq sevdiyi Azərbaycan yolunda şam kimi əritdiyi ömrü­nün qüruba endiyi günlərdə xal­qa tarixi müraciətində illərboyu müəyyənləşdirdiyi siyasəti da­vam etdirə biləcək dəqiq ünvanı da göstərmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman ölməz rəhbərin bu inamını təsdiqlədi. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev 18 ildir ki, Azərbaycana uğurla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi daim irəli aparır. Azərbaycan qələbədən-qələbəyə doğru inamla addımla­yır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev epoxa­sını tamamlamış və yeni tarixi era yaratmışdır. Ötən ilin payızında Vətən müharibəsində qazanılmış möhtəşəm zəfər bunun ən yeni sübutudur.

Bu yerdə qeyd edək ki, ümum­milli liderin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümü­zün bərpası idi. Müdrik lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”. Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi.

2020-ci ilin sonlarına doğru Azərbaycan xalqı ulu öndərin ən layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik və müstəqillik ta­rixini Qarabağ uğrunda Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə şərəfləndirdi. 44 gün davam edən II Qarabağ savaşın­da rəşadətli ordumuz təcavüzkar Ermənistanı döyüş meydanında məğlub edərək işğala son qoy­du, dövlətimizin ərazi bütövlüyü­nü hərbi-siyasi yolla bərpa etdi. İldən-ilə güc toplayan Azərbaycan, onun yenilməz ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımızı yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi Şuşada qürurla dalğalandırdı. Ərazi bütövlüyümüz təmin edildi. Bu möhtəşəm savaşda biz bir daha necə güclü orduya malik oldu­ğumuzu, birlik və həmrəyliyimizi, əcdadlarımızın bizə miras qoydu­ğu bu torpaqların bir qarışını belə düşmənə güzəştə getməyəcəyimizi, eyni zamanda, düşmənin də iç üzü­nü, xislətini dünyaya göstərdik.

Haqq-ədalət öz yerini tap­dı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni za­manda, milli ruh hesabına qazan­mışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər.”

Bu, qələbəni təmin edən ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti idi. Dövlət başçısının diqqət-qayğısı və aparılan məqsədyönlü isla­hatlar nəticəsində, hərbi quru­culuqda əsaslı addımlar atıldı, ordumuzun döyüş imkanları ən müasir səviyyəyə çatdırıldı. Vətən müharibəsi isə ordumuzun gücü və qüdrəti ilə bağlı deyilənləri bir daha təsdiq etdi. Xalqımız bu müharibədə dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşdi, milli həmrəyliyin ən möhtəşəm nümunəsini yaratdı. Azərbaycan son bir neçə əsrlik tarixinin ən böyük qələbəsini qazandı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgəyə yeni reallıqlar gətirdi. İndi azad olun­muş bütün torpaqlar nəhəng tikinti və quruculuq meydanına çevrilib. Bu qələbə regionda yeni iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açıb. Ölkə başçısının və Mehriban xanım Əliyevanın azad olunan torpaqlara səfərləri yeni iqtisadi layihələrin əsasını qoyur.

Azərbaycanın ərazi bütövlü­yü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər za­man böyük diqqət və qayğı göstərilir. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində canlarından keçmiş igid oğul və qızlarımızın xatirəsi daim uca tutulur, onların ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müva­fiq tədbirlər görülür. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Dövlət bu gün hər bir qazi və şəhid ailəsinin yanında­dır. Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur.

Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir. 2003-cü ildən ölkəyə inam­la rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını da­vam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezi­dentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı, sosial rifah və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.

Bu gün Azərbaycan xalqı al­ternativsiz lideri olan İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və həmrəyliyin qarantı hesab edir, ona bütün varlığı ilə güvənir, ölkəmizin mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz rəhbərinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın par­laq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir, bu siyasəti birmənalı dəstəkləyir.

Dünya dövlətləri arasında müstəqil Azərbaycan Respublikasının, ölkələrin və xalqların cərgəsində isə Azərbaycan xalqının yerinin, nüfuzunun, sözünün qüvvətləndirilməsi Prezident İlham Əliyevin aydın siyasi mövqeyi ilə möhkəm iradəsinin mühüm yekunudur. Ulu ondərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev istər övlad, istər rəhbər, istər də sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən siyasi varis, müdrik dövlət başçısıdır. Cənab Prezidentlə çiyin-çiyinə çalışan, onun ən yaxın silahdaşı, Heydər Əliyev siyasi kursuna, Azərbaycançılıq ideologiyasına əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun, milli soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti vətəndaşlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır.

Ümummilli lider Heydər Əliyev bənzəri olmayan bir ömür yaşa­yıb. Ölkənin ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olan, öz fikri, istedadı, idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində xalqımızı ən çətin sınaqlardan çıxaran, insanların həm bugünkü, həm də gələcək xoşbəxtliyini təmin edən dahi insan Heydər Əliyevin adı artıq çoxdan ölkəmizdə qələbə rəmzinə çevrilib. Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri Vətən müharibəsində qazanılan möhtəşəm zəfərlə birlikdə bir daha xatırlanır, yaddaşlar təzələnir. Bu böyük ömrün qəlbimizdə əbədiləşən təsirli anları bizi Heydər Əliyevli günlərə bir daha qaytarır.

Bu gün biz qalib və azad Azərbaycan torpağının vətəndaşlarıyıq. Sabahımız parlaq, gələcəyimiz etibarlı əllərdədir. Öz işi, əməlləri ilə qəlblərdə özünə heykəl qoymuş ulu öndər xalqının tarixində daim yaşayacaqdır. Nə qədər ki, dünyada azərbaycanlılar var, deməli, Heydər Əliyev yaşayır, onun ideyaları yaşayır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşada­caq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                       Asif ƏSGƏROV,

                                                                                                                                                                                                    Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər