Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ADU-nun xəlifə-rektoru ilə görüşüb.
Dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Bir günlük xəlifə” layihəsi çərçivəsində vəzifələrinin icrasına başlayıblar. Layihə çərçivəsində ADU-nun tələbələrinə 39 vəzifə üzrə bir günlük idaəetmə imkanı verilib.
ADU-nun xəlifə-rektoru Nurlan Tağıyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla görüşüb. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən Nurlan Tağıyev, dəstək üçün Asif Əsgərova təşəkkürünü bildirib. Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Nurlan Tağıyev göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, “Bir günlük xəlifə” unikal və fərqli layihədir. Bu layihədə gənclər üçün xüsusi imkanlar yaradılıb.
Bildirilib ki, Azərbaycan Dillər Universitetinin tələbələrə müxtəlif istiqamətlərdə imkan yaradan bu layihəsinin böyük əhəmiyyəti var. Hər kəs böyük maraqla bu layihəni izləyir və biz də layihəyə böyük məmnuniyyətlə dəstək oluruq. Bu gün yaradılan şərait sizin idarəetmə, rəhbərlik bacarıqlarınızı ortaya çıxarır. Gələcəkdə rəhbər vəzifələrdə olanda, məhz bu təcrübənin önəmini və əhəmiyyətini görəcəksiniz. Tələbələrə yaradılan bu şərait həm də gəncliyə olan inam və etimad deməkdir. Azərbaycan Dillər Universitetinin tələbələri həm inamlı, həm savadlıdırlar, həm də ölkənin ictimai-siyasi həyatında aktiv rola malikdirlər.
Görüşdə universitetlə Nəsimi rayon İcra Hakimiyyəti arasında qarşılıqlı əlaqələrin qurulmasından və əməkdaşlığın daha da inkişaf etdirilməsindən danışılıb.
Görüşdə RİH-nin məsul əməkldaşları və respublikamızda fəaliyyət göstərən Yunanıstanın səfiri də iştirak ediblər.