Nəsimi rayonunda əhaliyə “booster” doza vaksinin vurulması prosesinin sürətləndirilməsi və ev təsərrüfatlarının uçotunun aparılması ilə bağlı müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Nəsimi rayon Polis idarəsinin, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon İdman və Gənclər İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Xidmət Nümayəndəliyinin, 5 saylı Ərazi Məşğulluq filialının, Sosial Xidmətlər Agentliyinin 5 saylı filialının, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhalinin 3-cü doza (“booster” doza) vaksinin vurulması prosesinə cəlb edilməsi və ev təsərrüfatlarının uçotunun aparılması ilə bağlı müşavirə keçirilib.
Müşavirədə çıxış edən RİH başçısı Asif Əsgərov bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir və eyni zamanda əhalinin “booster” doza ilə peyvəndolunma mərhələsi həyata keçirilir.
Əhaliyə “booster” doza vaksininin vurulması prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.
Vaksin vurulması prosesinin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, dövlət və qeyri-dövlət sektorunda, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların, ali və orta ixtisas təhsili müəssisələri əməkdaşlarının “booster” doza ilə peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və prosesin gedişi daim nəzarətdə saxlanılır.
Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib, əhali arasında mütəmadi olaraq izahat-maarifləndirici tədbirlərin davam etdirilməsi tövsiyyə olunub.
RİH Başçısı Asif Əsgərov çıxışını davam edərək, bildirdi ki, yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 5.1.6-cı, 5.1.7-ci bəndlərinə və Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları ərazilərində olan fərdi yaşayış evləri və çoxmənzilli binalardakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarında bütün məlumatları mövcud vəziyyətə əsasən qeyd etməli, təsərrüfat üzvlərinin və həmin ünvanlarda müvəqqəti yaşayan şəxslərin siyahısını dəqiqləşdirməli, habelə seçici siyahılarında müvafiq dürüstləşmələr aparmalıdırlar.
Qeyd olundu ki, rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təsərrüfatbaşına uçot kitablarında əks olunan göstəricilərin müstəsna əhəmiyyəti nəzərə alınaraq, bu işin mütəşəkkil qaydada aparılmasını təmin etmək məqsədilə qərargah yaradılıb.
Bildirildi ki, qərargah fəaliyyətini tələb olunan səviyyədə təşkil etməli, ev təsərrüfatları kitablarının tam, dəqiq doldurulmasını gündəlik nəzarətdə saxlamalıdır.
Tədbirdə çıxış edənlər əhalinin 3-cü doza (“booster” doza) ilə peyvəndlənmə prosesinə cəlb olunması üçün maarifləndirmə işlərinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsini və təsərrüfatbaşına uçot kitablarında əks olunan göstəricilərin dəqiq doldurulması üçün yaradılmış xüsusi qərargahın və işçi qruplarının fəaliyyətlərinin əlaqədar qurumlar ilə birgə qurulmasının vacibliyini qeyd etdilər.