Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycanın çağdaş intibahının gerçək mənzərəsi

24 dekabr 2021 | 16:00

 

Görkəmli dövlət xadimi, yeni əsrin modern lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 18 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanəti olan müstəqil Azərbaycan dövləti bu müddətdə ulu öndərin ən layiqli varisi, ideya və əməllərinin sadiq davamçısı İlham Əliyevin rəhbərliyi altında daha da güclənmiş, sürətlə inkişaf etmişdir.

Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da mühüm geosiyasi məkandır. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir. Aparı­lan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmiş və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur.

1993-cü ildən ulu öndər Heydər Əliyevin vətəndaş qar­şıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini xalqımızın 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevə etibar etməsi yeni tariximizdəki növbəti doğru seçim idi.

Ölkə rəhbəri İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Prezident İlham Əliyev son 18 ildə Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl ya­radıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.

Əsrə bərabər 18 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaq­larımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika almışdır. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi çoxəsrlik tarixinin ən qüdrətli ölkəsinə çevirmiş, ən güclü inkişaf mərhələsinə çatdırmışdır. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldərək Azərbaycanı başdan-başa abad­lıq-quruculuq meydanına çevirmiş­dir. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilmişdir.

Bu gün ölkəmiz sabit şəraitdə sürətli inkişafını davam etdi­rir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Bu müddətdə İlham Əliyev daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq Azərbaycan dövlətçiliyi və xalqı üçün yorulmadan çalışmışdır. İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişaf yaradıldığına əmin oluruq.

Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun ola­raq Azərbaycanın, sözün əsl mənasında, tam müstəqilliyini təmin etmişdir. Dövlət rəhbəri ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan verməyərək, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirmişdir. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqla­rın əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısıdır.

Ölkəmizin təşəbbüsü və ya­xından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopo­litik mənzərəsini yenidən müəyyənləşdirmişdir. Bu mənzərədə Azərbaycan qlobal in­kişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunika­siya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda verir.

Azərbaycan bu gün fərqli mədəniyyətlərin, Şərq və Qərb si­vilizasiyalarının təmas mərkəzidir, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqti­sadi inkişafı sayəsində nail ola bilibdir. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır.

Müstəqil dövlətimiz region­da mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr, bütövlükdə, regionun inkişa­fında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilibdir. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.

Malik olduğumuz iqti­sadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu gün xarici investorların ölkəmizə olan güclü marağı da təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialının, müasir infrastrukturunun mövcudluğu­nu yüksək dəyərləndirmələri ilə bağlıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektoru­nun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici in­vestisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunmuşdur. Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proq­ramlarla uyğunlaşdıra bilmişdir.

Dövlətimizin başçısı bu iki aspekti cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilmişdir. Sosial-iqtisadi, ener­ji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 18 il müddətində nəhəng irəliləyiş əldə etmişdir. Bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sfera­larda aparılan islahatlar bir-birini tamamlayır, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi ri­fah halının yaxşılaşmasına xidmət edir.

Bütün bunlar isə əsası ümum­milli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezident cənab İlham Əliyevin zama­nın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi mo­delin uğurlarıdır.

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respub­likanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezi­denti Mehriban xanım Əliyevanın yaxından iştirakı, ümumi tərəqqiyə verdiyi geniş ictimai dəstəyin müşayiəti ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha fira­van həyatına qovuşmasına mütləq təminat yaradır.

Azərbaycan müasir dünyamı­zın çağırışlarına münasibətdə çox həssasdır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud resurs­ların insan kapitalına çevrilməsi üçün görülən işlərlə özünü sürətlə gələcəyə, dəyişən çağırışlara hazırlaya bilir. Bu məsələlərdə Azərbaycan Respublikasının Birin­ci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da əməyi çox böyük­dür. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial-humani­tar layihələr inkişaf proseslərinə, sosial-iqtisadi problemlərin həllinə mühüm töhfələr verir. Birinci vitse-prezidentin Azərbaycanın dünya­da yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək yara­dan, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qa­rabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili də Bi­rinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandı­ğımız zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaq­larımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Ölkəmizdə hər zaman olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezi­dent Mehriban Əliyevanın mü­vafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün də bu istiqamətdə tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

Belə mövqe cəmiyyətdə hər birimizin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilmişdir. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşıla­nır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, dəstəyini gündən-günə artırır.

Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum həssas kateqoriyadan olan insanların qay­ğıları ilə yaxından maraqlanır, on­ları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Beləliklə, siyasi və makroiq­tisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın­da etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin, ulu öndərin yüksək siyasi iradəsi ilə 1994-cü il sent­yabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və icrasına baş­lanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlinin qoyulmasının məntiqi nəticəsidir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı. Məhz Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı.

Silahlı Qüvvələrimiz bu savaşda tətbiq etdiyi innova­tiv silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordu­muzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi ta­nıtdı. Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevir­di. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Bu gün Azərbaycanın arzusu Cənubi Qafqazı çiçəklənən bir diyara çevirməkdir. Dövlət rəhbərimiz bununla bağlı təkcə danışmır, bəyanatlar vermir, eyni zamanda, gerçək perspek­tivi göstərməyi, hiss etdirməyi də bacarır. Dayanıqlı sülhə, əməkdaşlığa nail olmaqdan ötrü hər kəs səyləri birləşdirərsə, regi­onda bütün maraqlı tərəflər üçün nə qədər böyük imkanların yarana biləcəyini özünəməxsus lider baxışı ilə anladır.

Azərbaycan Vətən müharibəsindəki qələbəmizi da­vam etdirən diplomatik nailiyyətləri ilə də bölgədə yeni reallıqlar yaradır. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq ol­muşdur. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcəkdir. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansi­yaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrast­ruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.

Bütün bu söylənilənlərin fonunda bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev həm də dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, bəşəriyyətin gələcəyini düşünən humanist bir siyasətçidir. Prezi­dent İlham Əliyev Azərbaycan Respublikasının timsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, 50 milyonluq dünya azərbaycanlılarının da sevimli lideridir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev, eyni zamanda, planetin taleyüklü məsələlərinin həllində söz sahibi olmaq haqqı qazanmış nüfuzlu liderlərdən biridir. Siyasi liderlik üçün xarak­terik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsində ahəngdar şəkildə birləşmişdir.

Ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, inanmış, ona arxa və dayaq olmuşdur. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağ­lam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qar­şılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

İlham Əliyev kimi misilsiz bir lideri xalqımıza bəxş etmiş 24 dekabr günü, haqlı olaraq, ölkəmizdə əlamətdar tarixi günlər sırasında qədirbilənliklə qeyd olunur. Nəsimi rayonunun ictimaiyyəti də bu təntənələrə qoşularaq müdrik Prezidentimiz İlham Əliyevi anadan olmasının 60 illiyi münasibətilə səmimi təbrik edir, sevimli rəhbərimizə möhkəm cansağlığı və ali rəhbər missiyası­nın gerçəkləşməsində yeni uğurlar arzulayır.

                                                                                          Asif ƏSGƏROV,

                                                                                         Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər