Nəsimi rayonunda ev təsərrüfatlarının uçotunun aparılması ilə bağlı növbəti müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Nəsimi rayon Polis idarəsinin, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon İdman və Gənclər İdarəsinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində ev təsərrüfatlarının uçotunun aparılması ilə bağlı növbəti müşavirə keçirilib.
RİH Başçısı Asif Əsgərov çıxış edərək, bildirdi ki, yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 5.1.6-cı, 5.1.7-ci bəndlərinə və Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları ərazilərində olan fərdi yaşayış evləri və çoxmənzilli binalardakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarında bütün məlumatları mövcud vəziyyətə əsasən qeyd etməli, təsərrüfat üzvlərinin və həmin ünvanlarda müvəqqəti yaşayan şəxslərin siyahısını dəqiqləşdirməli, habelə seçici siyahılarında müvafiq dürüstləşmələr aparmalıdırlar. Bildirildi ki, rayonda bu istiqamətdə müvafiq işlər aparılır, ev təsərrüfatları kitablarının tam, dəqiq doldurulması gündəlik nəzarətdə saxlanılır.
Qeyd olundu ki, rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təsərrüfatbaşına uçot kitablarında əks olunan göstəricilərin müstəsna əhəmiyyəti nəzərə alınaraq, bu işin mütəşəkkil qaydada aparılmasını təmin etmək məqsədilə qərargah yaradılıb.
Tədbirdə çıxış edənlər təsərrüfatbaşına uçot kitablarında əks olunan göstəricilərin dəqiq doldurulması üçün yaradılmış xüsusi qərargahın və işçi qruplarının fəaliyyətlərinin əlaqədar qurumlar ilə birgə qurulmasının vacibliyini qeyd etdilər.