Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci vitse-prezident: Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam

21 fevral 2022 | 16:00

Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Prezident İlham Əliyev tərəfindən 2016-cı il sentyabrın 26-da Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda     mühüm və fəal rol oynayır”.

2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”;

Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa

böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir.

Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.

Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.

Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.

Vitse-prezidentlik təsisatının Azərbaycanın dövlət idarəçiliyində yeni forma olması nəzərə alınsa, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, yaradılan idarəçilik təcrübəsinin əzəməti daha aydın görünür. Bu sıraya cəmiyyətdə humanizm və xeyirxahlıq kimi dəyərlərin təbliğ edilməsi, mənəvi sərvətlərin qorunması, mədəniyyətin inkişafına qayğı, səhiyyə və sosial xidmətlər kimi sahələrin yenidən qurulmasına dəstək verilməsi, Azərbaycanın dünyaya təqdimatının ən gözəl nümunələrinin göstərilməsi və sair çoxsaylı böyük ictimai məna kəsb edən layihə və təşəbbüslər aid edilə bilər və aid edilməlidir.

30 illik işğala son qoyulması, Qarabağın azad edilməsi Azərbaycanın tarixinə Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Tarixi zəfər eyni zamanda xalqın və dövlətin həyatında yeni mərhələnin başlanğıcı sayılır. Qarşıda təkcə postmüharibə dövrünün reallıqlarına əsaslanan əzəmətli hədəflər deyil, həm də 30 il əvvəl Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsinin işğalına səbəb olmuş halların təkrarlanmasının qarşısının alınması zərurətindən irəli gələn vəzifələr dayanır. Cəmiyyətin yeni transformasiya qarşısında dayandığı nəinki dərk edilməli, həm də onun ən uğurlu şəkildə həyata keçirilməsi təmin edilməlidir. Möhtəşəm zəfərin beynəlxalq miqyasda Azərbaycanın gücü və qüdrəti, xalqımızın qırılmaz iradəsi ilə əlaqədar yaratdığı təəssürat postmüharibə dövrünün əzəmətli quruculuq işlərində və bütünlükdə yeniləşmə siyasətinin nəticələrində daha da möhkəmləndirilməli, ölkəmizin dünyaya yeni təqdimatının ifadəsinə çevrilməlidir.

Müharibənin başa çatmasından sonra Prezident İlham Əliyevin və Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri, erməni vandalları tərəfindən yerləyeksan edilmiş şəhər və kəndlərin yenidən qurulması ilə əlaqədar elan edilən planlar, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusunun rəsmi şəkildə təsbit edilməsi, ölkəmizin və regionun gələcəyinə işıq salan prezident bəyanatları dövlətin və cəmiyyətin yaxın illəri əhatə edən gündəliyi haqqında təsəvvürləri artıq formalaşdırmışdır. Görünən budur ki, qarşıda duran əzəmətli vəzifələrin uğurla və bütünlüklə həyata keçirilməsi daha böyük fədakarlıq, daha böyük qətiyyət və daha böyük zəhmətdən keçir. Bir neçə ildən sonra nəinki xalqımız, eləcə də bütün dünya yeni reallıqların, Qarabağın tamam yeni mənzərəsinin şahidi olacaq.

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən 5 il ötür. Arxada böyük əmək və fədakarlıq, qarşıya çıxan problemlərə yeni yanaşmalar, qazanılan çoxsaylı əzəmətli uğurlarla müşayiət olunan zəngin irs var.

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsində fəaliyyətinin ən dəqiq qiyməti öz ifadəsini, heç şübhəsiz, insanların ona olan böyük hörmət və etimadında tapır. On minlərlə insan ona inanır, ehtiram göstərir, onun qayğıkeşliyinə etibar edir və pənah aparır.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

Keçidlər