Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Xocalı sakinləri ilə görüş keçirilib

25 fevral 2022 | 16:00

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Faciənin 30-cu ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş keçirilmişdir. Görüşün əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.

Eyni zamanda qeyd olundu ki, Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib. Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.

Tədbirdə çıxış edən Xocalı sakınləri – Sahibə Şahmuradova və Famil Məmmədov Xocalılara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

 

 

 

Keçidlər