Nəsimi rayonunda uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsinə dair onlayn tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatınin təşkilatçılığı və Nəsimi rayon İcra hakimiyyətinin dəstəyi ilə 18 Noyabr –Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsinə dair onlayn tədbir keçirilib.
Bakı şəhəri Nəsimi rayon məktəblərinin şagird və müəllimlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən maarifləndirmə tədbirində RİH başçısı yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın üzvləri, həmin komissiyanın məsul katibi və psixoloqu uşaqlara qarşı zorakılıq və onun növləri, məişət zorakılığı, erkən nikah, internet təhlükəsizliyi, uşaqların istismardan və sui-istifadədən müdafiəsi haqqında məlumat veriblər.
Görüş zamanı qeyd olunan günün mahiyyəti barədə məlumat verilib, bu ərəfədə dünya ölkələrində həyata keçirilən tədbirlər, uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınması sahəsində mövcud beynəlxalq və milli qanunvericilik aktları barədə məlumat verilib, ölkəmiz tərəfindən müvafiq bəyanatla “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyasının) təsdiq edilməsinin əhəmiyyəti vurğulanıb.
Hazırda Nəsimi rayonunda uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.