Nəsimi rayonunda abad həyət layihəsi çərçivəsində işlər davam etdirilir
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45 və 47 saylı ümumi yaşayış binalarının fasadlarında bərpa və rəngləmə işləri aparılır, dam örtükləri təmir olunur, blokların qapı və pəncərələri yenilənir, yağış suları axıdan boru və navalçalar dəyişdirilir.
Eyni zamanda yeni yaşıllıq zolaqlarının yaradılması, yeni işıqlandırma sistemi çəkilməsi və işıq dirəklərinin quraşdırılması işləri görülür.
A.Məhərrəmov küçəsi 45 və 47 saylı ümumi yaşayış binalarında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.