12 NOYABR KONSTİTUSİYA GÜNÜDÜR
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki,18 il əvvəl - 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu -Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Ümummilli liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır.
Natiq bildirmişdir ki, sovet dövründə olan konstitusiyadan fərqli olaraq 1995-ci ildə qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vasif Əliyev məruzə ilə çıxış etmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxış etmişdir.