9 noyabr Dövlət Bayrağı Günüdür
Nəsimi rayonunda Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bayram münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən söz açmışdır. Natiq bildirmişdir ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.
Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvollaşdırır. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənmişdir.
Başçının sözlərinə görə, hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır. Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Burada 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi və müstəqilliyimizin simvolu olan milli bayrağımız əzəmətlə dalğalanır.
Tədbirdə çıxış edən digər natiqlər də ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etməsindən danışdılar. Bildirildi ki, Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir.
Bundan başqa natiqlər, Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən olan bayrağımız barədə, Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarının tarixindən, Dövlət Bayrağı Gününün təntənə ilə qeyd edilməsinin həm də gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyini vurğulamışlar. Tədbirdə yekun nitqilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirə yekun vuraraq bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üzrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.
Tədbirin sonunda rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı genişmiqyaslı iməcilik keçirilmişdir.