14 noyabr Ümumdünya Diabet Günü ilə əlaqədar tədbir
Nəsimi Rayon İcra Hakimiyyəti Azərbaycan Diabet Cəmiyyəti ilə birgə 14 noyabr Ümumdünya Diabet Günü ilə əlaqədar tədbir keçirmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, diabet bütünlükdə dünya üçün ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Hazırda dünyada 370 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Şəkərli diabetin yüksək artımı, eyni zamanda, onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı XXI əsri şəkərli diabetin epidemiyası əsri elan etmişdir.
Məhz bu səbəbdən BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən 2007-ci ildən noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd edilir.
Natiq bildirdi ki, Azərbaycanda şəkərli diabetlə mübarizə dövlət səviyyəsində aparılır. Ölkəmizdə “Şəkərli diabetlə xəstə şəxslərə dövlət qayğısı haqqında” Qanun və “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilmiş və bu istiqamətdə daim zəruri işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diabetli xəstələrə qayğısı nəticəsində 2013-cü ilin dövlət büdcəsində diabet üzrə tədbirlər proqramının icrası üçün 35,4 milyon manat vəsait ayrılmışdır. Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun şəkərli diabet xəstələrinə qayğısını xüsusu vurğulamaq lazımdır.
Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek, Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova, Azərbaycan Endrokrinoloqlar Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə, Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini Akif Muxtarovun çıxışları dinlənildi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.