Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

15 yanvar 2014 | 16:00

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.
“20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki, 1990-cı il 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsi idi. Odur ki, Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu. Bakıda qanlı 20 Yanvar hadisəsi törədildi”, - deyə M.İbrahimqızı vurğulayıb.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu xatırladan millət vəkili, məhz bu səbəbdən də o illərdə bir çox xarici dövlətlərin bizim bu milli sərvətlərimizə göz dikdiyini, respublikamızın müstəqillik əldə etməsinə qarşı olduğunu söyləyib. Onun sözlərinə görə məhz Dağlıq Qarabağ uğrunda başlanan müharibə də bu çirkin niyyətlərin məntiqi davamı idi. “İmperialist güclər Azərbaycan xalqının belə əzmkar, mübariz xalq olduğunu bilmirdilər. Azərbaycanlıların belə cəsarətli, şücaətli olduğunu təsəvvürlərinə belə gətirmirdilər. Əgər 20 Yanvar faciəsi olmasaydı, bunu, bəlkə də hələ uzun müddət bilməyəcəkdilər. Məhz Qanlı 20 Yanvar faciəsindən sonra, dünyanın müxtəlif beyin mərkəzlərində Azərbaycana qarşı hazırlanan məkrli niyyətlər alt-üst oldu. Onlar xalqımızın əzmkarlığı və qəhrəmanlığını görüb təşvişə düşdülər, geri çəkilməli oldular”, - deyə M.İbrahimqızı vurğulayıb.
“20 Yanvar faciəsi xalqımız üçün elə bir tarixdir ki, minilliklər də keçsə, Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir”, - deyən M.İbrahimqızı həmçinin, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan rayon təşkilatının sədri, həmçinin, əlavə edib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.
20 Yanvar şəhidlərinin ailələri və əlillərin statusları ilə bağlı məsələnin Milli Məclisin yaz sessiyasında təkrar müzakirəyə çıxarılmasının gözlənildiyini xatırladan M.İbrahimqızı, həmçinin, əlavə edib ki, qanuna ediləcək həmin dəyişikliklərdən sonra onların problemləri tamamilə öz həllini tapacaq.
Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatı adından 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə sovqatlar təqdim olunub.

Keçidlər