Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 3 nömrəli SİƏD üzrə nümayəndəliyin hesabat yığıncağı

31 yanvar 2014 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, 2013-cü il  sosial-iqtisadi vəzifələrin icrası, dövlətimizin beynəlxalq nüfuzunun artması baxımından uğurlu il olmuş, ölkəmizdə bütün sahələrdə dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Respublikamızda digər sahələrdə olduğu kimi idarəetmədə də islahatlar həyata keçirilir, müasir idarətmə formaları tətbiq edilir, yeni strukturlar yaradılır. İdarəetmənin operativliyinin və səmərəliliyinin artırılması baxımından 2012-ci ilin sonundan təşəkkül tapan sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov hesabat məruzəsi ilə çıxış etdi. 3 nömrəli SİƏD-in 50716 nəfərin yaşadığı 2,39 kvadratkilometr ərazini əhatə etdiyini bildirən nümayəndə burada 5 mənzil-kommunal istismar sahəsi, 19 təhsil, 12 məktəbəqədər, 9 səhiyyə, 6 mədəni-maarif müəssisəsi, 5 dini qurumun fəaliyyət göstərdiyini qeyd etdi.  O bildirdi ki, ötən il ərazidəki mənzillər üzrə təsərrüfatların, təsərrüfat üzvlərinin, müvəqqəti yaşayan şəxslərin siyahısı tərtib edilmiş, ev təsərrüfatlarının uçotu aparılmışdır. Hazırda məlumatların dəqiqləşdirilməsi prosesi gedir.

Nümayəndəliyin ərazisində əhalinin elektrik enerjisi, su, qaz, istilik təchizatını yaxşılaşdırmaq məqsədilə rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər görülüb. Rayon enerji təchizatı və satışı idarəsi tərəfindən dəmir yolu vağzalı yaxınlığında yeni transformator məntəqəsi tikilmiş, 6 məntəqə əsaslı, 6 məntəqənin isə fasadı təmir olunmuşdur. 117 saylı yarımstansiyada bütün elektrik avadanlıqları müasir avadanlıqlarla əvəz edilmiş, 2 transformator daha güclüsü ilə yenilənmişdir. Keçən il, ümumilikdə 6 küçədə 129 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.

S.Vurğun küçəsində 860 paqonometr su xətti, S.Rüstəm və Füzuli küçələrindəki üç ünvanda binalara yerüstü qaz xətti çəkilmişdir. M.Əliyev küçəsinin M.Topçubaşov küçəsindən Bülbül prospektinə qədər olan hissəsində yeraltı qaz xətti ləğv edilərək polietilen boru ilə əvəz olunmuşdur. Füzuli küçəsi 53 ünvanındakı binanın istilik xətləri əsaslı təmir olunmuş, 500 saylı qazanxanada təmir işləri görülmüşdür.

Keçən il 100 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur. 111 saylı körpələr evi-uşaq bağçası, 46 saylı tam orta məktəb və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində əsaslı təmir işləri davam etdirilir, yenidən inşa edilmiş 23 saylı orta məktəbdə tamamlama işləri görülür. Ötən il 12 ünvanda binaların fasadları təmir olunmuşdur. Hazırda 4 binada təmir-bərpa işləri davam etdirilir. 17 küçə və həyətlərə, ümumilikdə 43000 kvadratmetr asfalt örtüyü vurulmuş, 5000 paqonometr bardür dəyişdirilmişdir. Nizami kinoteatrının arxasında yerləşən parkda yenidənqurma işləri aparılır.

Nümayəndəlik il ərzində əraziyə xidmət göstərən mənzil-kommunal istismar sahələrinin fəaliyyətlərinin əlaqələndirilməsi ilə məşğul olmuş, yerlərdə sanitar vəziyyət daim nəzarətdə saxlanılmışdır. Ərazidə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə tədbirlər görülmüş və nəticələri barədə rayon icra hakimyyətinə mütəmadi olaraq məlumat verilmişdir.

Fəaliyyəti ərzində nümayəndəliyə vətəndaşlardan və müxtəlif təşkilatlardan 50 müraciət daxil olmuşdur. Müraciətlərə qanunun tələblərinə uyğun olaraq baxılmış, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı qurumlarla əlaqə yaradılmış və icraları təmin edilmişdir.

Sonra 48 saylı MKİS-ın rəisi Q.Abbasov, 133 saylı tam orta məktəbin direktoru F.Həsənov və sakin R.Səfərov çıxış etdilər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.

Keçidlər