Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzaladı

14 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə və elektronlaşmanın miqyasının genişləndirilməsinə böyük diqqət göstərən dövlət başçısının imzaladığı sərəncamla elektron məhkəmənin istiqamətləri müəyyənləşdirilib.

Sərəncamda bildirilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılsın.


Bu sənədlə “Elektron məhkəmə” informasiya sistemi bir sıra məsələləri təmin edəcək. Belə ki, onun vasitəsilə ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu, cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması,  məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsi, məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılması təmin olunacaq.


Eləcə də işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olması, qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsi, sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabinet”in yaradılması, "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiya, məhkəmə statistikasının elektron qaydada aparılması, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması həyata keçiriləcək.


Bu sərəncamla Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etmək, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etmək tapşırılıb. Bununla belə, Nazirlər Kabinetinə  sərəncamda göstərilənlərə uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Keçidlər