İpoteka kreditlərini əldə etmək imkanları genişləndiriləcək
Əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ipoteka kreditlərini əldə etmək imkanları genişləndiriləcək. Bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
İpoteka kreditlərini əldə etmək imkanları genişləndiriləcək. Bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Məlumata görə, bu sahədə nümunəvi dünya təcrübələrindən yararlanmaqla müxtəlif, lakin effektiv inteqrasiya edilmiş mənzil təminatı formalarının işlənməsi və həyata keçirilməsi diqqətdə saxlanacaq. Dövlət-özəl biznes tərəfdaşlığı əsasında bazara ucuz və eyni zamanda komfortlu mənzil təklifinin təmin edilməsi mənzil təminatının daha da yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir.
Digər tərəfdən, əhalinin şəxsi yığımlarının mənzil təminatı məqsədləri üçün istifadəsini müxtəlif vasitələrlə stimullaşdırmaq yolu ilə əhalinin mənzil təminatında alternativ və tamamlayıcı yeni maliyyə mənbələrini formalaşdırmaq mümkündür. Bu məqsədlə əmanət-yaşayış-tikinti banklarının nümunəvi dünya təcrübələri əsasında inkişaf etdirilməsi mühüm prioritetlərdən biridir. Uzunmüddətli maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə özəl investorların ipoteka kreditləşməsi sisteminə cəlb edilməsi stratetji əhəmiyyət daşıyır. Bunun üçün bazar prinsipləri əsasında ipoteka kreditləşməsi və maliyyələşdirilməsi məhsullarının yaradılması istiqamətində müvafiq işlər həyata keçiriləcək.
Qeyd edək ki, hal hazırda ölkəmizdə İpoteka fondu xətti ilə ipoteka krediti verən banklar kifayət qədərdir. Bu kreditin göstəriciləri bütün banklarda eynidir.
İpoteka fondu hesabına verilən İpoteka kreditlərinin faiz dərəcəsi illik 8%-dir və bu krediti siz 25 ilə qədər götürə bilərsiniz. (Maksimal məbləğ 50 000 AZN). Bundan əlavə hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə İpoteka fondu xətti ilə güzəştli kredit də verilir.
Güzəştli ipoteka isə 30 ilə qədər və illik 4%-lə verilir. Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən hər bir ailə (şəxs) yalnız bir dəfə istifadə edə bilər.