Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir

20 fevral 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.
20 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. İlk növbədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva demişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Fevralın 17-dən indiyədək 1, 3, 5 və 20 nömrəli poliklinikalarda artıq 4000 nəfərdən çox rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 137 mindən çox rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından yararlanacaqdır. Bizim əsas vəzifəmiz əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdir.
Poliklinikanın baş həkiminin müavini Tahirə Əfəndiyeva isə təmsil olunduğu müəssisədə fevralın 17-dən indiyədək 1000 nəfərdən çox sakinin müayinə olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. Baş həkimin müavini onu da bildirmişdir ki, müayinələr zamanı vətəndaşlarda müəyyən xəstəliklər aşkarlanarsa, onlar müalicə almaq üçün yüksək profilli xəstəxanalara göndəriləcəklər.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Müayinədə keçən rayon sakini Ədalət Əsədov isə bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir.

Keçidlər