Nəsimi rayonu: iqtisadi yüksəliş və sosial tərəqqi
Yola saldığımız 2013-cü il ölkə qarşısında duran sosial-iqtisadi vəzifələrin və dinamik inkişafın təmin edilməsi, nəzərdə tutulmuş proqramların reallaşması, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından uğurlu bir il olmuşdur.
Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatmış, iki il ərzində Azərbaycan bu mötəbər qurumda müzakirə olunan bütün məslələr barədə prinsipial, beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyini ortaya qoymuş, milli maraqlarımızı daim uca tutmuşdur.
2013-cü ildə Azərbaycan dünyanın humanitar mərkəzlərindən biri kimi özünü təqdim etmişdir. Ötən il respublikamızda bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmiş, bu tədbirlərdə dünyanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri, görkəmli mütəxəssislər iştirak etmişlər.
Azərbaycanın təşəbbüsü ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının konfransı, III Beynəlxalq Humanitar Forum, İkinci Mədəniyyətlərarası Dialoq Forumu və Davos İqtisadi Forumu yüksək təşkilatçılıq və işgüzarlıq şəraitində keçirilmiş, ölkəmizin dünyanın humanitar əməkdaşlıq, tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrildiyini təsdiq etmişdir.
Ötən il Ermənistan - Azərbaycan münaqişəsinin həlli istiqamətində qarşı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən irəliləyiş olmasa da, xarici siyasət sahəsində bir sıra uğurlar əldə edilmiş, ölkəmizin ərazi bütövlüyü, hazırki status-kvonun yolverilməz olduğu barədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərləri tərəfindən mühüm bəyanatlar səsləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Azərbaycanın dövlət büdcəsinin Ermənistandan 10 dəfə, ümumdaxili məhsulun 8 dəfə, əhalinin isə 6 dəfə üstün olduğunu qeyd edərək bizimlə rəqabət üçün Ermənistanın nə imkanının, nə də potensialının olmadığını bildirmişdir. 2013-cü ildə ordu quruculuğu sahəsində önəmli addımlar atılmış, ciddi islahatlara başlanılmışdır. Orduda yeni prinsiplər tətbiq olunur, yeni, ən müasir texnika və döyüş sursatı alınır ki, bu da tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Bu gün Azərbaycan Milli Ordusu dünyanın qüdrətli orduları sırasına daxildir.
2013-cü il Azərbaycanın iqtisadiyyatı üçün də, olduqca uğurlu olmuşdur. Ölkədə ümumdaxili məhsul 6 % artmış, qeyri-neft sektorunda isə artım 9.8 % olmuşdur. Əhalinin pul gəlirləri 8 % çoxalmış, inflyasiya cəmi 2,4% həddində saxlanılmışdır.
İl ərzində ölkə iqtisadiyyatına rekord həddə, 28 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da 17,5 milyardı daxili sərmayədir.
Ötən il bir çox irihəcmli investisiya lahiyələrinin icra olunmasına baxmayaraq ölkəmizin valyuta ehtiyatları daha da artaraq 50 milyard dollara çatmışdır. Bu respublikanın ümumdaxili məhsulunun 70 %-ni təşkil edir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdən birini tutur.
2013-cü ildə respublikada 80 mini daimi olmaqla 110 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Aparılan əsaslı sosial islahatlar nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5,3%-ə salınmış, sovet dövründən qalan əmanətlərin MDB məkanında ən yüksək əmsalla əhaliyə qaytarılması prosesi başa çatdırılmışdır.
2013-cü il çağdaş tariximizə həm də, Azərbaycan kosmik sənayesinin yarandığı il kimi daxil olmuşdur. Məhz " İnformasiya -kommunikasiya texnologiyaları ili" elan olunmuş 2013-cü ildə ilk Azərbaycan peyki "Azərspace-1" fəzaya qaldırılmış, ölkəmiz kosmik kluba üzv olmuşdur. Bu xalqımızın böyük tarixi nailiyyətidir.
Ötən il turizm sahəsində böyük addımlar atılmışdır. Xüsusən, bölgələrdə yeni otellər istifadəyə verilmiş, yeni turizm mərkəzləri açılmışdır. Eyni zamanda, nəqliyyat sektorunda böyük işlər görülmüş, beş yüz kilometrdən artıq yol çəkilmişdir.
Şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının əsas istiqamətlərindən biri olan neft-qaz sektorunda da 2013-cü ildə olduqca önəmli işlər görülmüşdür. Ötən il ölkəmizin neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər imzalanmış, 2012-ci il TANAP sazişinin nəticəsi olaraq 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmiş, müvafiq kontraktlar bağlanmışdır.
Dekabr ayının 17-də Bakıda "Şahdəniz-2" investisiya sazişi imzalanmışdır. Cənab Prezident bu sazişi haqlı olaraq, tarixi nailiyyət, XXI əsrin layihəsi adlandırmışdır. Bu layihənin Azərbaycana həm iqtisadi, həm də siyasi dividentlər gətirəcəyi, ölkənin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu artıracağı şübhəsizdir. Belə ki, " Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası ölkəmizə, ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsi deməkdir. Bu, eyni zamanda, yeni infrastruktur layihələri, Azərbaycan şirkətləri üçün yeni sifarişlər, yeni iş yerləri deməkdir. Bu sazişin imzalanma mərasimində dünyanın aparıcı dövlətlərinin yüksək səviyyədə iştirakı layihəyə beynəlxalq diqqətin böyük olduğunun və Azərbaycanın həlledici rolunun qəbul edilməsinin göstəricisidir.
2013-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında olduqca önəmli bir siyasi kompaniya- Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Oktyabr ayında keçirilmiş bu seçkini biz inamla Azərbaycanın ictimai-siyasi həyatının güzgüsü adlandıra bilərik. Bu seçkilərdə xalqımızın hansı strategiyanı dəstəklədiyi, hansı siyasi kursa üstünlük verdiyi növbəti dəfə sübut olundu. Bir daha bütün dünyaya bəyan edildi ki, Azərbaycan xalqı Heydər Əliyev siyasətinə , bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə inanır, onun arxasınca gedir. Xalqımız boş vədlərə, pafoslu yalanlara yox, real siyasətə, ölkəni inkişafa, tərəqqiyə aparan, vətənin və xalqın mənafeyini daim uca tutan qətiyyətli liderə səs verdi. Bu seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi xalqımızın onun rəhbərliyi altında aparılan islahatlara, son 10 ildə respublikada aparılan nəhəng abadlıq və quruculuq işlərinə, bütün sahələrdə əldə edilmiş böyük uğurlara nə qədər yüksək qiymət verdiyinin bariz göstəricisidir..
Prezident seçkilərinin nəticələri seçkiləri müşahidə etmiş, bütün mötəbər beynəlxalq təşkilatlar -Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq təşkilatı, MDB və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçkilərin azad, ədalətli və şəffaf keçirildiyi bir mənalı olaraq bildirilmişdir.
Nəsimi rayonu da bu tarixi uğurların əldə edilməsində öz layiqli tövhələrini vermişdir.
Nəsimi rayon İcra Hakimiyyəti 2013-cü ildə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, yerli icra hakimiyyətləri haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, proqram xarakterli çıxışlarındakı müddəaları əsas götürərək, bir sıra uğurlar əldə etmişdir.
Ötən il rayonda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2634 yeni iş yeri açılmışdır ki, bunlardan 862-si yeni yaradılan, 22-si mövcud müəssisə və təşkilatlar, 1750-si isə fiziki şəxslər üzrə olmuşdur.
2013-cü ildə ümumi məhsul buraxılışının həcmi 1 milyard 332 milyon 457 min manat olmuşdur ki, bu da keçən illə müqayisədə 9,2 % artım deməkdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 2012-ci ilə nisbətən 24,8 % artaraq 674 milyon 911 min manat olmuşdur.
Hesabat ilində istehsal olunan sənaye məhsulunun həcmi 19,7% artaraq, 392 milyon 825 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 421 milyon 819 min manat olmuşdur.
Nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 447 milyon 696 min manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi isə 1,8 dəfə artaraq 50 milyon 458 min manat olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsinin həcmi 699 milyon 400 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 527 milyon 900 min manat, rayon üzrə bir nəfərə düşən əmtəə dövriyyəsinin həcmi isə 3210 manat olmuşdur.
2013-cü ildə rayonda orta aylıq əmək haqqı ötən illə müqayisədə 6,6 % artaraq 457 manat olmuşdur.
Şəhər əhalisinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri “Təzə bazar” MMC-nin və 3-cü mikrorayon ərazisində yerləşən “Kəndli yarmarkası”nın ərazisində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkaları öz fəaliyyətlərini ötən ildə davam etdirmiş, yerli sahibkarların öz məhsullarının maneəsiz reallaşdırılması üçün hər cür şərait yaradılmışdır.
Ötən il Nəsimi rayon Məşğulluq Mərkəzinə iş axtaran vətəndaş kimi müraciət etmiş 3018 nəfərdən 784 nəfərinin daimi işlə təmin olunmasına köməklik göstərilmiş, 141 nəfər iş axtaran vətəndaşa işsizlik statusu verilərək onlardan 59 nəfərə orta aylıq əmək haqqı, 17 nəfərə isə minimum əmək haqqı məbləğində müavinət təyin edilmişdir.
2013-cü ildə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10 ədəd transformator məntəqəsi əsaslı təmir edilmiş, 1 ədəd yeni TM tikilərək istismara verilmiş, 54 min 142 metr müxtəlif markalı kabel xətləri dəyişdirilmiş, 200 ədəd elektrik dayağının quraşdırılması zamanı 2000 metr müxtəlif markalı kabel istifadə olunmuşdur.
Sərf olunan enerji haqlarının yığımı 2013-cü ildə 33,8 milyon manat olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 2,6 milyon manat və ya 0,4 % artım deməkdir.
“BAKIŞƏHƏRİŞIĞI” Elektik şəbəkə müəssisəsinin Nəsimi texniki istismarı sahəsi tərəfindən 2013-cü ildə bütövlükdə 265 ədəd elektrik dirəkləri dəyişdirilmiş, 182 ədəd çıraqlar yenisi ilə əvəz edilmiş, 44 məhəllə daxili elektrik xətləri təmir olunmuş, ümumilikdə rayon ərazisində müxtəlif markalı 12502 metr kabel dəyişdirilmişdir.
Hesabat ilində rayonun qaz təchizatının yaxşılaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif diametrli 5700 metr qaz kəməri çəkilmiş, mexaniki qaz sayğaclarının “Smart-kart” tipli sayğaclar ilə əvəz olunması işləri davam etdirilmiş, il ərzində 17761 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli sayğac ilə əvəz olunaraq istismara verilmişdir. İstehlakçılara ümumi olaraq 9 milyon 525 min 56 manat dəyərində təbii qaz satılmış, ümumi satışın 100%-i ödənilmişdir.
Il ərzində Nəsimi rayon Sukanal Departamenti tərəfindən rayon ərazisində istismar müddəti başa çatmış 67500 p.m magistral su kəmərləri, müxtəlif diametrə malik 670 p.m kanalizasiya şəbəkəsi, istismara yararsız 29 ədəd quyu təmir edilmiş, 10 ədəd yeni yağış barmaqlıq quraşdırılmışdır.
2013-cü ildə 4172 ədəd yeni su sayğacı quraşdırılmış, abonentlərin su sayğacı ilə təmin edilməsi ümumilikdə 69 %-ə çatdırılmışdır.
Abonentlər üzrə ümumi ödənişin miqdarı 8 milyon 734 min 252 manat olmuşdur ki, bu da ümumi satışın 98,5 %-ni təşkil edir. Keçən ilin müvafiq dövrünə nisbətən əhali üzrə 5,6 %, qeyri-əhali üzrə 25,2% artım olmuşdur.
Hesabat ilində “Azəristiliktəchizat ” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsi tərəfindən 211 yaşayış binası, 19 ümumtəhsil tam orta məktəb, 12 körpələr evi-uşaq bağçası, 5 səhiyyə obyekti istilik enerjisi ilə təmin olunmuşdur.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün istilik məntəqələrində və məhəllədaxili qazanxanalarda avadanlıqların təftiş və təmir işləri aparılmış,rayonun ayrı-ayrı ərazilərində yaşayış binalarının məhəllədaxili istilik xətləri və aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuşdur.
2013-cü ildə Nəsimi rayonunda geniş miqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.
Belə ki, H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri Vaqif, Azadlıq, Tbilisi prospektlərində rayonun mikrorayon ərazisindəki məhəllələrdə, mövcud park və bağlarda ümumilikdə 10.000-ə yaxın ağac və gül kolları əkilmiş, rayon ərazisində yeni yaşıllıq zolaqları salınmışdır. İl ərzində Vaqif porospekti ilə C.Hacıbəyli küçəsinin, Bakıxanov və S.Vurğun küçələrinin, S.Vurğun və Ak. Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən parklarda, Koroğlu, T.Şevçenko və S.Qazıyeva adına parklarda mütəmadi olaraq iməciliklər keçirilmiş, təmizlik və abadlıq işləri aparılaraq yeni ağac və dekorativ gül kolları əkilmiş, Bakıxanov, H.Ələsgərov küçələrində və Vaqif prospektində bütövlükdə 3500 kv.m sahə yaşıllaşdırılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən 10 həyət müəyyənləşdirilərək abadlaşdırılmış, S.Vurğun, R.Behbudov, Bakıxanov, H.Ələsgərov, Mərdanov Qardaşları küçələrində, Vaqif, Azadlıq və Tbilisi prospektlərində səkilərə tamet, plitələr döşənməsi işləri davam etdirilmiş, ayrı-ayrı ünvanlarda bardürlər dəyişdirilmişdir.
Azadlıq prospekti ilə S.Rəhimov küçəsinin kəsişməsində sahəsi 5115 kv.m olan yeni park salınmış, həmin parkda məşhur serb alimi Nikola Teslanın abidəsi ucaldılmışdır. Park və abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Serbiya Prezidenti və xanımı iştirak etmişdir.
10 may 2013-cü il tarixdə Füzuli küçəsi ilə M.A.Əliyev küçəsi arasında salınan park, bağ və fəvvarələr kompleksinin açılış mərasimi olmuşdur. Ərazisi 7 hektarı əhatə edən Mərkəzi Park şəhərdə ən böyük park olmaqla yanaşı paytaxt sakinlərinin istirahəti baxımından da olduqca əhəmiyyətlidir. Burada müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi, 7 yeraltı keçid inşa olunmuş, əlillərin hərəkəti üçün xüsusi qurğular quraşdırılmışdır. Parkda 2000-ə yaxın ağac, 10.000-ə yaxın bəzək kolu, çoxlu sayda gül-çiçək əkilmişdir.
Paytaxtın yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması, tıxacların aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində 25 iyul 2013-cü il tarixdə rayonun Füzuli və M.A.Əliyev küçələri arasında 4000 yerlik, 3 mərtəbəli ümumi sahəsi 21 hektar olan yeraltı avtomobil dayanacağının açılışı olmuşdur.
Füzuli küçəsinin genişləndirilməsi məqsədi ilə 39 nömrəli, 18.000 ton ağırlığında olan tarixi memarlıq binasının əvvəlki görkəmini saxlamaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesi həyata keçirilmişdir.
2013-cü ildə rayonda aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq, başa çatdırılmış tikintilərin açılış mərasimlərində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 dəfə rayonda olmuşdur.
Hal-hazırda 2-cü mikrorayonda yerləşən “Heydər Parkı”nda, Cavadxan küçəsindəki parkda və ətraf ərazidə abadlıq və yenidənqurma işləri davam etdirilir.
“Bakımetropoliteni”nin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramından irəli gələn müddəaların yerinə yetirilməsi ilə əlaqədar “28 May” metro -stansiyasında müasir tələblərə cavab verən səviyyədə yenidənqurma işləri aparılır. “Memar Əcəmi-2” metrostansiyasının tikintisi ilə əlaqədar əsas girişi sökülərək yenidənqurulması işlərinə başlanılmışdır. 3-cü Alatava yaşayış massivində Bakımetropoliteninin “B-3” stansiyasının tikintisi sahəsinə düşən 100-dən artıq yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri başa çatdırılmış, Azadlıq prospekti ilə M.Rəfili küçəsinin kəsişməsində Bakımetropoliteninin Texnoloji korpusunun tikintisi yekunlaşmaq üzrədir.
Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və H.B.Əliyev küçələrinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi davam etdirilir.
Tbilisi prospekti 3007-ci məhəllədə Respublika Velotrekində yenidənqurma və bərpa işləri davam etdirilmiş, ətrafdakı qeyri-yaşayış sahələri köçürüımüşdür.
23 saylı tam orta məktəbin yenidən inşa edilməsi ilə əlaqədar həmin ərazidə yaşayan sakinlərin yaşayış evləri və qeyri-yaşayış sahələri kompensasiya ödənilərək köçürülmüşdür.
Hesabat ilində H.Seyidzadə küçəsi 1,1a, 2, 2a, 3, 4, H.B.Əlyev küçəsi 56, Azadlıq prospekti 95, Bakıxanov küçəsi 50 saylı binaların fasadları müasir arxitektura elementləri işlənilməklə təmir olunmuş, hal-hazırda Ə.Qasımzadə küçəsi 72, Vaqif prospekti 11, C.Hacıbəyli küçəsi 45, H.Ələsgərov küçəsi 20, 28 May küçəsi 72, Puşkin küçəsi 12/14, Nizami küçəsi 121, Füzuli küçəsi 53, Cavadxan küçəsi 10 və 16, H.B.Əliyev küçəsi 1 saylı binaların fasadlarında təmir işləri aparılır.
Rayonun ayrı-ayrı ünvanlarına bütövlükdə 89.510 kv.metr asfalt, 10.000 kv.m-ə yaxın isə tamet plitə vurulmuşdur.
Bunlardan əlavə, rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə bir çox müəssisə, idarə və təşkilatlar, kommersiya obyektləri fəaliyyət göstərdikləri ərazinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparmış, ərazilərində quraşdırılmış reklam şitlərinin müasir standartlara uyğunlaşdırılmasını təmin etmişlər.
Həmçinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ümumilikdə, 12890 m2 dam örtüyü təmir edilmiş, 3715p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 368 ədəd giriş qapılarının təmiri həyata keçirilmiş, 1029 m2 ümumi istifadə yerləri şüşələnmiş, 462 p/m su axıdıcı borular təmir edilmiş, yaşayış binalarının keyfiyyətli istiliklə təmin olunması üçün 1537 p/m istilik boruları yeniləri ilə əvəzlənmişdir.
2013-cü ildə rayonda 29 tam orta məktəb, 2 xüsusi məktəb, H.Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk liseyi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi uşaq bağçası fəaliyyət göstərmişdir.
Ötən tədris ilində ümumtəhsil məktəblərini 1794 şagird bitirmiş, onlardan 1224 nəfəri ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 58-i 600-dən, 21-i isə 650-dən yuxarı bal toplamış, 4 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür.
2012-2013-cü tədris ilinin nəticələrinə görə Azərbaycan Respublikası Prezidentinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” mükafatlarının təsis edilməsi haqqında Sərəncamı ilə rayonunun 3 tam orta məktəbi “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, rayon müəllimlərindən 8 nəfər “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə müsabiqənin qalibi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2011-ci il mart ayının 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş şəhər ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədən sonra qəbul edilmiş Dövlət Proqramında Proqrama edilən əlavələrlə birgə Nəsimi rayonu üzrə 60 bənddən ibarət tədbir nəzərdə tutulmuş, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə rayonun 9, 19, 159, 211 və 240 tam orta məktəblərində əsaslı təmir işləri aparılmış, 5 və 151 saylı tam orta məktəblərdə əlavə korpuslar tikilərək istifadəyə verilmiş, 20 saylı Musiqi məktəbində yeni korpus inşa edilmiş, mövcud korpus isə əsaslı təmir edilmişdir. Hal-hazırda 46 və 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində əsaslı təmir işləri davam etdirilir. 45, 74, 92 və 100 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşmış, 147 və 174 saylı körpələr evi-uşaq bağçasında işlər davam etdirilir, 22 və 111 saylı körpələr evi–uşaq bağçalarında isə yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət İqtisad Universitetinin A.Səhhət küçəsində yerləşən korpusunda əsaslı təmir işləri başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabr ayının 6-da Nəsimi rayonu 19 və 240 saylı tam orta məktəblərin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Əsaslı təmirdən sonra 74 və 92 saylı körpələr evi-uşaq bağçalarının açılışında Heydər Əliyev Fondunun Prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva iştirak etmiş və onun təşəbbüsü ilə 2013-2014-cü il tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir.
2013-cü ildə Nəsimi rayonunda 11 xəstəxana, o cümlədən 2 Elmi-Tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsələhətxanası, Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyası, 1 körpələr evi və 32 özəl səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunda tikinti quraşdırma işləri, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunda isə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Ümumi ərazisi 45 min kvadratmetr olan 500 çarpayılıq, orjinal memarlıq üslubunda inşa edilmiş on üç mərtəbəli Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğının əyani göstəricisidir.
Hesabat ilində rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən uşaq poliklinikalarında və körpələr evlərində profilaktik peyvənd işləri aparılmışdır.
Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları və eləcə də kütləvi zəhərlənmə halları baş verməmiş, sanitar norma və qaydalara cavab verməyən obyektlər barəsində müxtəlif inzibati tədbirlər həyata keçirilmişdir.
Epidemik halların qarşısını almaq məqsədilə əhalinin sıx yaşadığı yerlərdə, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda və iri ticarət mərkəzlərində dezinfeksiya işləri aparılmışdır.
Ticarət və Xidmət şəbəkələrində mənşəyi məlum olmayan, saxta, aşağı keyfiyyətli, mövcud normativ-texniki tələblərə və standartlara cavab verməyən, yararlılıq, yaxud saxlama və satış müddəti ötmüş, insan sağlamlığı və həyatı üçün təhlükəli olan malların satılması və ya xidmətlərin göstərilməsinin qarşısının alınması məqsədilə də aidiyyəti orqanlarla birgə tədbirlər keçirilmişdir.
Hesabat ilində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələri, bağ-park, monumental və xatirə abidələrinin qorunması və təbliği diqqət mərkəzində olmuşdur.
2013-cü ildə Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsində 24079 nəfər pensiyaçı və müavinət alan vətəndaşlara xidmət göstərilmişdir ki, bunlardan 16970 nəfəri yaşa görə, 5312 nəfəri əlilliyə görə, 1797 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan pensiyaçılardır.
2013-cü ildə pensiyaların ödənilməsi üçün 56 milyon 604 min manat vəsait xərclənmişdir ki, bu da ötən ilin müvafiq dövründən 2 milyon 466 min manat və yaxud 4,6 % çoxdur. Həmin vəsaitin 53 milyon 413 min manatı Respublika Fondundan köçürülmüş, qalan hissəsi isə yerli sığorta edənlərdən toplanmışdır.
İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4145 nəfər vətəndaşa sosial müavinət və təqaüd verilmiş, 1 nəfər vətən müharibəsi, 2 nəfər isə Qarabağ müharibəsi əlili pulsuz avtomaşınla təmin olunmuşdur. 2326 ailənin 8989 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilmiş və hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 133 manat təşkil etmişdir.
Mərkəz tərəfindən 360 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
2013-cü il ərzində Nəsimi rayon İcra Hakimiyyətində 24 ailə mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda Nəsimi rayonunda yaşayış yeri üzrə 1391 ailə mənzil növbəsindədir ki, onlardan da 637 ailə ümumi əsaslarla, 754 ailə isə güzəştli əsaslarla mənzil növbəsində dayananlardır.
Nəsimi rayonu ərazisində 11019 nəfər məcburi köçkün məskunlaşmışdır. Onlardan 4082 nəfəri yataqxanalarda, 3516 nəfəri qohum və şəxsi mənzillərdə, 3534 nəfəri isə zəbt olunmuş mənzillərdə və digər yerlərdə yaşayırlar.
Rayonda məskunlaşmış məcburi köçkün ailələrinin məişət və kommunal xidmətləri, məskunlaşdığı yerlərdə rastlaşdıqları çətinliklərlə əlaqədar yazılı və şifahi müraciətləri daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 saylı sərəncamına əsasən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 2013-cü ilin avqust ayında Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyinin yataqxanasında məskunlaşmış 758 ailə 3058 nəfər məcburi köçkünlər Masazır qəsəbəsində yeni tikilmiş mənzillərlə təmin olunmuşlar.
Bundan başqa ötən il ərzində 74 saylı uşaq bağçasından 2, M. Qardaşları küçəsi 99 ünvanda yerləşən Gənclik Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının binasından 3 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunaraq köçürülmüşdür. Nobel prospekti 4 ünvanda yerləşən “Bərə” Terminalından 8 məcburi köçkün ailəsi mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə kompensasiya ödənilərək köçürülmüşdür.
Nəsimi rayon Sığorta Agentliyi tərəfindən 2013-cü ildə bütün növlər üzrə 500 min 740 manat sığorta haqqı toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 60 min 951 manat çoxdur.
İl ərzində rübdə bir dəfədən az olmayaraq rayon İcra Hakimiyyətində və struktur bölmələrində “Açıq qapı” vətəndaş forumları keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Qaynar xətt” vasitəsi ilə daxil olan məlumatlarla əlaqədar yaradılmış tədbirlər sistemi daha da təkmilləşdirilmişdir. Vətəndaşların ərizə və şikayətlərinin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin rəsmi saytında (nasimi-ih.qov.az) “Elektron müraciət” bölümü, bundan əlavə, Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında elektron idarəetmə və məlumat bazası (“e-all.biz”) yaradılmışdır ki, bu xidmət vasitəsilə vətəndaşlara rayon İcra Hakimiyyətinə dərhal elektron müraciət etmək, müraciətin icra vəziyyəti barədə məlumat əldə etmək imkanı yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəetmənin daha çevik və operativ təşkil olunması, vətəndaşların müraciətlərinə daha intensiv reaksiya verilməsi tapşırığını rəhbər tutaraq və cənab Prezidentin 648 nömrəli, 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci maddəsinə uyğun olaraq Nəsimi rayonu ərazisində 3 Sahə İnzibati Ərazi Dairəsi (1, 2 və 3 nömrəli) yaradılmışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin vətəndaşların hərbi xidmətə çağırışı haqqında Fərmanının icrası tam təmin edilmişdir.
Ötən il Nəsimi Bələdiyyəsinin fəaliyyətində müsbət irəliləyiş əldə edilmiş, bələdiyyənin büdcəsi əvvəlki illərlə müqayisədə artmışdır. Rayon bələdiyyəsi yerli əhəmiyyətli bir sıra məsələlərin həllində İcra Hakimiyyətinin Əlaqələndirmə Şurası ilə birgə fəaliyyət göstərmişdir.
İl ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 24 iclası keçirilmiş, rayonun sosial-iqtisadi vəziyyəti müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilərək, əhalinin şikayət və təklifləri Şuranın qərarlarında və rayon İcra Hakimiyyəti Başçısının Sərəncamlarında nəzərə alınmışdır.
2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2752 ərizə və şikayət, onlardan 1565-i yuxarı və müxtəlif təşkilatlardan, 1187-si vətəndaşlardan daxil olmuşdur.
Ərizə və müraciətlərin əksəriyyəti əsasən mənzillə təmin olunma, torpaq sahəsinin ayrılması, qanunsuz tikililərin sənədləşdirilməsi, Bakı şəhərinin baş planına uyğun olaraq aparılan söküntü işləri ilə bağlı, maddi köməklik göstərilməsi, kommunal problemlərlə və digər məsələlərlə əlaqədar olmuşdur.
Bununla yanaşı, vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həll edilməsi rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. İl ərzində keçirilən qəbullarda rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1723 vətəndaşın müraciəti dinlənilmiş və qanunvericiliyə müvafiq olan bütün müraciətlər öz həllini tapmışdır.
İl ərzində 44 səyyar qəbul keçirilmiş, qəbullarda 244 nəfər vətəndaşın problemləri ilə yerində tanış olunmuş və onların müsbət həll edilməsi üçün operativ tədbirlər görülmüşdür.
2013-cü ildə Nəsimi rayonu ərazisində 14 siyasi partiyanın yerli təşkilatı, 45 ictimai təşkilatın rayon şöbələri, 19 Beynəlxalq təşkilat və 7 dini qurum fəaliyyət göstərmişdir. İl ərzində həmin təşkilatlarla qanunauyğun əlaqələr yaradılmış və konstruktiv əməkdaşlıq prinsipləri əsasında işlər həyata keçirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Ötən il respublikamızda keçirilmiş Prezident seçkilərində Nəsimi rayon ictimaiyyəti də yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmişdir. Seçicilər siyahısına daxil edilmiş rayon sakinlərinin 63,15 %-i seçkilərdə iştirak etmiş, bunlardan 84,17 %-i cənab İlham Əliyevə səs vermişlər.
Mütəmadi olaraq dövlət siyasətinin əsas istiqamətlərinə və aktual problemlərinə uyğun olaraq əhali arasında izahat və təbliğat işləri aparılmış, əhalinin müxtəlif təbəqələri, yeniyetmə və gənclər arasında vətənpərvərlik, Azərbaycan Dövlətçiliyinin gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əhalinin müxtəlif təbəqələri arasında dolğun işıqlandırılması məqsədilə hər həftə rayonun ayrı-ayrı ünvanlarında yaradılmış təşviqat qruplarının çıxışları təşkil edilmişdir.
Rayon İcra Hakimiyyətində ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil edilmiş, insan hüquq və azadlıqlarının qorunması, bu sahədə görülmüş və görülməsi zəruri olan tədbirlər barədə geniş müzakirələr aparılmışdır.
İl boyu resbublikamızda qeyd edilən tarixi günlər və bayramlar rayonumuzda da geniş qeyd edilmiş, bayram günlərində rayonun aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən maddi köməkliklər edilmişdir.
Ötən il rayon İcra Hakimiyyətində mütəmadi olaraq əlillər, şəhid ailələri və digər kateqoriyadan olan vətəndaşlar qəbul edilmiş, qaldırdıqları məsələlərə diqqətlə yanaşılmışdır.
Nəsimi rayonu ölkəmizin dinamik inkişafına layiqli tövhələr verir. Qazanılan uğurlar yeni nailiyyətlər üçün zəmin yaradır. əminliklə demək olar ki, sənaye ili olan 2014-cü ildə daha uğurlu nətcələrə imza atılacaq və Nəsimi rayonu paytaxt rayonları arasında öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayacaqdır.