Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

26 fevral 2014 | 16:00

Bu gün Nəsimi rayonunda Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı tədbir keçirildi. Əvvəlcə Nəsimi rayon ictimaiyyəti tərəfindən Nizami küçəsi 145 ünvanda yerləşən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Quliyev Aqil Sahib oğlunun barelyefi ziyarət olundu və barelyefin önünə gül dəstələri qoyuldu. Sonra tədbir iştirakçıları Nəsimi rayonu 1 saylı tam orta məktəbin foyesində rayon məktəblilərinin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxdılar. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının iki yüz ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğunu bildirdi. Bu, erməni faşistlərinin mifik, tarixdə izi-tozu olmayan “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə törətdikləri minlərlə cinayətdən ən dəhşətlisi idi. Bu qanlı aksiya zamanı 613 soydaşımız xüsusi qəddarlıqla öldürülmüşdür. Onlardan 63-ü uşaq, 106-sı qadın 70-i ahıl insanlar idi. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib.
Bu vəhşilikləri törətməklə düşmənlərimiz xalqımızı qorxutmaq, onu öz ərazi bütövlüyü və azadlığı uğrunda mübarizədən çəkindirmək və bununla da əzəli torpaqlarımıza yiyələnmək niyyətində idilər. Lakin erməni cəlladları və onların havadarlarının məkrli planları yerinə yetmədi. Xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadiləsini daha qətiyyətlə aparmağa başladı.
Azərbaycan xalqı Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini həmişə əziz tutur. Əminik ki, tezliklə doğma Qarabağımız mənfur düşmənin əsirliyindən azad olunacaq və bütün şəhidlərimizin qisası alınacaq. Azərbaycanımızın əzəli torpaqlarında üçrəngli bayrağımızın qürurla dalğalanacağı günə az qalıb.
Mərasimdə H.Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında Xocalı faciəsi mövzusunda tamaşa nümayiş etdirildi.

Keçidlər