Nəsimi rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr 1,3,5 və 20 saylı şəhər poliklinikalarında həyata keçirilir. Fevralın 17-dən indiyədək 19 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa bir neçə həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər poliklinikalarda müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.