Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətimizin başçısının tapşırığı ilə başlanan tibbi müayinə kampaniyası genefondumuzun qorunmasına xidmət edir

30 mart 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlanılan əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva AzərTAc-a bildirmişdir ki, bizim əsas vəzifəmiz əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdir. Hazırda rayondakı 1, 3, 5 və 20 nömrəli poliklinikalarda sakinlərin kütləvi müayinəsi aparılır. İndiyədək bu tibb müəssisələrində 34 min 835 nəfər müayinə olunmuşdur. Onlardan 15 min 83 nəfərinə ambulator, 108 nəfərinə isə stasionar müalicə kursu təyin edilmişdir. Mayın 1-dək isə 137 mindən çox rayon sakini qrafik əsasında icbari tibbi müayinə kampaniyasından yararlanacaqdır.
Rayon ərazisindəki 5 nömrəli şəhər poliklinikasında da sakinlərin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, bütün lazımi şərait yaradılmışdır. Poliklinikada bu günədək 22 min 701 nəfər hərtərəfli müayinə edilmişdir.
Poliklinikanın baş həkimi Bəxtiyar Həsənov bildirmişdir ki, vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə, poliklinikada çalışan təcrübəli həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Evlərdə müayinə olunan 563 nəfərdən 363-də müxtəlif xəstəliklər aşkarlanmışdır. Onlardan 74 nəfəri nəzarətə götürülmüş, 61 nəfəri isə müalicə almaq üçün xəstəxanalara göndərilmişdir.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Müayinədə keçən rayon sakini Sona Məmmədova bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir.
Poliklinikanın tibb heyətindən, burada yaradılan şəraitdən razılıq edən Səkinə Seyidova demişdir: “Mən həkim ailəsində böyümüşəm. Ona görə də həkimlərin insanların sağlamlıqları yolunda nə qədər əziyyət çəkdiklərinin şahidi olmuşam. Sovet dövründən fərqli olaraq indi həkimlərimizin rahat işləmələri üçün hər cür şərait yaradılmışdır. İndi müalicə olunmaq üçün xarici ölkələrə getməyə ehtiyac da yoxdur. Çünki Bakıda, eləcə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri fəaliyyət göstərir. Bunun üçün birinci növbədə hər bir azərbaycanlının sağlamlığını düşünən Prezident İlham Əliyevə təşəkkür edirəm. Sonra Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm. Mehriban xanım özü də həkimdir. Onun irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı gördüyü işlər mənim ürəyimcədir”.

Keçidlər