Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqrımı Günü

01 aprel 2014 | 15:00

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar Nəsimi rayonunda  silsilə tədbirlər keçirilmişdir.

Rayon icra hakimiyyətində bu mövzuda keçirilmiş “dəyirmi masa”dan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq çıxış etmişdir. O demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. N.Məhəməliyev bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdsır.

Həmin gün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında soyqırımla bağlı tədbir olmuşdur. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva açaraq bildirmişdir ki, ermənilər 1918-ci ilin martında Bakıda və digər bölgələrdə on minlələ soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə yaşayış məntəqəsini dağıtmışlar. Dinc azərbaycanlılar yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir və bu, beynəlxalq hüquq normalarına görə soyqırımı hesab edilir. Natiq bildirdi ki, buna görə ulu öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman böyük əhəmiyyət kəsb edir. Bu, həm tarixə obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəddir. Bu, həm də uydurma “erməni soyqırımı” ilə bağlı təbliğata güclü zərbədir.

Sonra 111 saylı orta məktəbin tarix müəllimi S.Əmrahov, 23 saylı orta məktəbin tarix müəllimi K.Qarayeva, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri X.Kazımov, 54 saylı orta məktəbin tarix müəllimi E.Qasımova çıxış etdilər.

Rayon məktəbliləri arasında soyqırımı mövzusunda keçirilmiş inşa yazıları müsabiqəsinə yekun vuruldu. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

 

Keçidlər