Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şura yığıncağı keçirilmişdir.

09 aprel 2014 | 15:00

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar rayon məktəblərinin XI sinif şagirdlərinə tədris olunan məktəbdənkənar dərslərin tədrisi vəziyyətinə və rayon əhalisinin tibbi müayinədən keçirilməsinin gedişinə həsr olunmuş geniş Şura iclası keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək Şura iclasını  açıq elan etmişdir. O, gündəlikdə olan məsələləri sadalamış və sonra çıxış üçün söz Nəsimi RİH başçısının müavini Gülarə Verdiyevaya verilmişdir. O, çıxışı zamanı, respublikada olduğu kimi Nəsimi rayonunda da son illər bütün mövcud səhiyyə müəssisələrinin əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz edildiyini, rayon ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin nəzdində Terapevtik və Cərrahiyyə korpusları tikilərək istifadəyə verildiyini bildirdi. Sonra Azərbaycan vətəndaşlarının sağlamlığına diqqətin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi prosesindən bəhs etdi. Tapşırığın icrası  ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə rayon əhalisinin tibbi müayinədən yüksək mütəşəkkillik  və keyfiyyətlə  keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiyanın yaradıldığını, komissiyaya tibbi müayinənin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verildiyini  və əvvəlcədən hazırlanmış tədbirlər planına müvafiq olaraq ötən müddət ərzində bir sıra işlər görüldüyünü, əhali arasında təşkilati izahat işlərinin aparılmasının uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

Həmçinin qeyd etdi ki,  komissiya üzvlərinin apardığı qənaətbəxş iş nəticəsində bugünkü günə qədər tibbi müayinədən keçirilməsi nəzərdə tutulan 137.850 nəfər əhalidən 67.843-ü nəfəri  əhali tibbi müayinədən keçirilmişdir.

Sonra 3, 5 və 20 saylı şəhər poliklinikalarının baş həkimləri çıxış edərək, poliklinikalarda tibbi müayinə prosesinin gedişatından və əhalinin bu prosesdən razı qalmasından danışdılar. Onlar həmçinin yaradılan həkim briqadaları vasitəsilə evindən çıxa bilməyən xəstələrin də evlərdə müayinə və müalicə olunduğunu bildirdilər.

Sonda rayon əhalisinin tibbi müayinədən keçirilməsinin gedişinə həsr olunmuş Şura iclasının qərarı oxundu.

Daha sonra Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar rayon məktəblərinin XI sinif şagirdlərinə tədris olunan məktəbdənkənar dərslərin tədrisi vəziyyətinə dair məsələnin Şurada müzakirəsinə başlandı. Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov çıxış edərək  bildirdi ki, hər bir xalqın və millətin tarixində elə nadir şəxsiyyətlər olur ki, onların fəaliyyəti, öz xalqı qarşısında xidmətləri zaman məfhumunu aşaraq əbədiyyətə qovuşur. Öz xalqının tarixində silinməz izlər qoymuş bu şəxsiyyətlərin cismani vəfatından sonra da onların ideyaları sonrakı nəsillərin yolunu işıqlandırır, milyonlarla insanın həyat yolunun müəyyən edilməsində müstəsna rol oynayır. Məhz bu səbəbdən belə unikal şəxsiyyətlərin mənəvi irsinin qorunub saxlanılması və öyrənilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.Azərbaycan xalqının ümümilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə nəhəng şəxsiyyətlərdəndir. Azərbaycan tarixinin nadir simalarından olan Heydər Əliyev demokratik, hüquqi, dünyəvi Azərbaycan dövlətini qurmaqla kifayətlənməmiş, dahiyanə bir uzaqgörənliklə onun gələcək inkişaf strategiyasını da müəyyən etmişdir.

Ulu öndərin zəngin irsinin öyrənilməsi onun ideyalarının davamçıları, müasir Azərbaycan gəncliyi üçün böyük dövlətçilik, vətənpərvərlik, öz xalqına, vətəninə sədaqətlilik məktəbi, heç vaxt aktuallığını və qiymətini itirməyəcək bir örnəkdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir  Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə  XI sinif şagirdlərinə 2 akademik saat məktəbdənkənar dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Natiq qeyd etdi ki, qrafikə uyğun olaraq bu günə kimi  Nəsimi rayonunda 29 məktəbdən 1752 şagird dərsləri dinləmişlər. Artıq birinci dərslər yekunlaşmış, hal-hazırda ikinci dərslər keçirirlir. Onu da qeyd etmək lazımdır ki, rayon üzrə 6 məktəbin   şagirgdlərinə qrafikə əsasən Heydər Əliyev mərkəzində dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. ( 5, 42, 54, 151,  164, 240) həmin məktəblərdən bugünkü günə kimi 5№-li  tam orta məktəbin şagirdləri Heydər Əliyev mərkəzində olmuşlar.

Daha sonra, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək şura iclası zamanı müzakirə olunan hər iki məsələnin əhəmiyyətindən danışdı.

Sonra Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar rayon məktəblərinin XI sinif şagirdlərinə tədris olunan məktəbdənkənar dərslərin tədrisi vəziyyətinə həsr olunmuş Şura iclasının qərarı oxundu.

Sonda, Nəsimi RİH başçısı Nəsib Məhəməliyev çıxış edərək, Şura iclasna yekun vurdu.

Keçidlər