Nəsimi rayonunda ilin birinci rübünə yekun vuruldu
Nəsimi rayonunda 2014-cü ilin birinci rübünün sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirmişdir ki, Azərbaycanda bu ilin birinci rübü də sosial - iqtisadi sahələrdə böyük inkişafla yadda qalmışdır. Bu dövr ərzində iqtisadi artım 2,5 faiz olmuş, əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. Ölkədə orta aylıq əmək haqqı 430 manata çatmışdır. Ölkəmizdə sosial proqramların həyata keçirilməsi ilə bağlı genişmiqyaslı işlər görülür. Sosial-iqtisadi sahədə əldə edilən uğurlar dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətinin nəticəsidir. N.Məhəməliyev bildirmişdir ki, 2014-cü ilin birinci rübündə Nəsimi rayonunda da sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, bu ilin birinci rübündə rayonda 88,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artım deməkdir. Hesabat dövründə əhaliyə 270 milyon 475 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Bu ilin birinci rübündə rabitə müəssisələri tərəfindən 8 milyon 960 min manatlıq xidmət göstərilmişdir. Rüb ərzində rayonda 595 yeni iş yerləri açılmışdır.
İlin birinci rübündə Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1818 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 133 manat təşkil etmişdir. 332 nəfər ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir.
Hal-hazırda rayonun 46 və 54 saylı tam orta məktəblərində, Bakı Slavyan Universteti nəzdindəki Məktəb Lisey Kompleksində, 147 və 174 saylı Körpələr evi-uşaq bağçalarında, 46 saylı Məktəbdən kənar Tərbiyə işi mərkəzində, Heydər Əliyev adına İdman Konsert Kompleksində proqrama uyğun olaraq əsası təmir işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən məktəb binasında aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
Bu dövrdə Nəsimi Rayon Qaz İstismar İdarəsi tərəfindən istehlakçılara 3,8 milyon manatlıq qaz satılıb. Ümumi satışın 86 faizi, əhaliyə satılmış təbii qazın dəyəri isə 103,0 faiz ödənilmişdir. 2014- cü ilin 3 ayı ərzində elektrik enerjisinin dəyərinin ödənilməsi 96 faizə yüksəlmişdir.
Hazırda ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir.
Rayon ərazisində istehsal edilən və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Bu istiqamətdə görülən işlər barədə rayon İcra Hakimiyyəti başçısına məlumat verilir. Rayondakı "Təzə Bazar" MMC və 3-cü mikrorayondakı "Kəndli yarmarkası" ərazisində hər həftə kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Burada bazar qiymətlərindən aşağı müxtəlif çeşidli 40-50 ton məhsul satılır.
Sakinlərin rayon rəhbərliyinə ünvanlanan müraciət və təkliflərinin hər birinə baxılır və vətəndaşların problemlərinin həll edilməsi üçün lazımi tədbirlər görülür.
Sonra rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi və başqaları çıxış etdilər. Onlar da görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışdılar.
Sonra fəaliyyətində daha çox uğurlar qazanan İcra Hakimiyyəti əməkdaşı mükafatlandırıldı. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ı ilə təltif edildi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasa yekun vurdu.