Şriftin ölçüsü :

Saytın rəngi :

"Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında"

28 aprel 2014 | 15:00

Aprelin 26-da Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında" mövzusunda XI şagird-tələbə elmi konfransı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları  Ulu öndər Heydər Əliyevin Bakı Slavyan Universitetindəki büstü önünə əklil qoydular.

Konfransın təşkilat komitəsinə 200-dən artıq istedadlı şagird və tələbənin məruzəsinin tezisləri təqdim olunmuşdur.

Tədbirə Bakı, Sumqayıt və Abşeron məktəbliləri və BSU-nun müxtəlif fakültələrinin tələbələri ilə yanaşı, Şuşa, Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarının qaçqın və məcburi köçkün məktəblərinin istedadlı şagirdləri də fəal qoşulmuşlar.

Konfransın işi "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Ulu öndər və müasir Azərbaycan təhsili", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı", "Ulu Öndərin irsini necə öyrənir və təbliğ edirik?", "Müasir Azərbaycanda gənclər və idman hərəkatı" bölmələri üzrə təşkil olunmuşdur. Məktəblilər, tələbələr, qaçqın və məcburi köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı, xarici dillərdə də məruzələrlə çıxış etmişlər. Bölmə iclaslarına universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik etmişlər.

Konfransın plenar iclasında BSU-nun rektoru filologiya elmləri doktoru, professor Asif Hacıyev çıxış edərək bildirmişdir ki, siz şagird və tələbələr ulu öndər, böyük şəxsiyyət Heydər Əliyevin bizə əmanətisiniz. Biz də əsas fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Ümid edirəm ki, bu konfrans şagird və tələbələrin gələcəkdə yaxşı mütəxəssis olmasına zəmin yaradacaqdır.

Sonra Nəsimi rayon İcra Hakmiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə, mədəniyyətinə qayğısından danışmış və bu tədbiri yüksək qiymətləndirmişdir.

Daha sonra Nəsimi rayonu 44 saylı tam orta məktəbin direktoru S.C.Əkbərova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəbin direktoru, pedaqogika üzrə elmlər doktoru N.Ə.Abışov və  başqaları çıxış edərək Ulu öndər Heydər Əliyev  haqqında öz fikirlərini bildirdilər.

Elmi konfransda şagirdlərin və BSU tələbələrinin maraqlı məruzələri dinlənilmişdir.

Sonda BSU Məktəb -lisey kompleksi və Şuşa rayon Malıbəyli kənd tam orta məktəb şagırdlərinin iştirakı ilə bədii hissə keçirilmişdir.

Bölmələrdə fərqlənən şagirdlər diplom və hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər