Nəsimi rayonunda Çernobıl faciəsi yad edildi
Çernobıl qəzasının ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov iştirak edib.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, Ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.