Nəsimi rayonunda Gül bayramı böyük təntənə ilə qeyd edildi
Azərbaycanın hər bir yerində Ümummili liderimiz Heydər Əliyevin doğum günü həmişə böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə əlaqədar respublikamızda Gül bayramları keçirilir. Ulu öndərimizin 91 illiyi ilə bağlı builki Gül bayramları xüsusilə seçilir.
Bakının Nəsimi rayonunda keçirilən Gül bayramı möhtəşəmliyi ilə seçilirdi. S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Biz hər il öz xilaskarımız və müstəqil dövlətimizin qurucusunun doğum gününü belə gözəl bayramla qeyd edir və ona dərin ehtiramımızı göstəririk. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.
Parkda sərgilənmiş gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri hamını heyran etdi. Bayramda rayondakı təhsil müəssisələrinin hazırladıqları 6 minə yaxın əl işləri nümayiş etdirilirdi. Bu işlərdə 50 mindən artıq güldən istifadə edilmişdi. Gül bayramı açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradırdı. Nəsimi rayonu məktəblərinin və körpələr evi – uşaq bağçalarının təqdim etdikləri kompozisiyalar xüsusi maraq doğurdu. Bu əsərlər yaradıcılarının böyük istedadından və özünəməxsus fantaziyasından xəbər verirdi.
Rayondakı 7 və 20 saylı musiqi məktəbləri, H.Sarabski adına Mədəniyyət evi kollektivi, respublikamızın tanınmış müğənniləri tərəfindən böyük konsert proqramı nümayiş etdirildi. Gözəl mahnılar və şux rəqslər əsil bayram ovqatı yaradırdı.
Tədbirdə millət vəkili Məlahət İbrahimqızı da iştirak edirdi.