Nəsimi rayonunda 9 may - Qələbə günü qeyd edildi
9 May 2014-cü il taixdə Nəsimi rayonunda II Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 69-cu ildönümü qeyd edilib.
Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları Vaqif prospekti ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda həmyerlimiz, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin abidəsi önünə əklil və gül dəstələri qoydular. Sonra Vaqif prospektindəki “1941-1945-ci illər” abidəsi qarşısına əklil və gül dəstələri qoyuldu.
Tədbir Azərbaycan Respublikası himninin oxunması ilə başlandı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müharibə veteranlarını təbrik etdi və onlara uğurlar arzuladı. O bildirdi ki, Azərbaycan da bu böyük Qələbənin əldə edilməsində əlindən gələni əsirgəməmiş, bu ağır müharibədə yüz minlərlə soydaşımız rəşadətlə döyüşmüşdür. 69 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər. Biz müharibədə qəhrəmancasına həlak olaraq Qələbəni təmin etmiş insanların ruhu qarşısında baş əyirik.
N.Məhəməliyev II Dünya müharibəsi veteranlarının ölkəmizdə daim qayğı ilə əhatə olunduğunu və onların bütün problemlərinin vaxtında həll olunduğunu bildirdi.
Sonda veteranlarla birgə xatirə şəkli çəkildi. Veteranlara bayram sovqatı paylandı. Tədbirdə iştirak edə bilməyən veteranlar evlərində ziyarət olundu.