Əqli və fiziki qüsurlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Saray 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün İnternat Evində xeyriyyə tədbiri keçirilib.
Hər il olduğu kimi bu ildə əqli və fiziki qüsurlu uşaqlar üçün belə xeyriyyə tədbirlərinin keçirilməsi davam etdirilir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar dövlətin əlil və fiziki qüsurlu uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən- ilə xeyriyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır. Azərbaycan qadınları istər cəmiyyətin və istərsə də dövlətin bütün sahələrində yüksək səviyyədə təmsil olunur.
Saray 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün İnternat Evinin direktoru bildirib ki, internat evi 1974-cü ildən fəaliyyət göstərir, burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.
Nəsimi rayon Qadınlar şurasının üzvlərinin gətirdiyi hədiyyələr uşaqların sevincinə səbəb oldu.
Tədbir uşaqların rəqsləriylə yekunlaşıb.