Nəsimi rayonunda xeyriyyə tədbiri
Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin və Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının (HOMS – Türkiyə, İsveç, Fələstin, İsveçrə, Pakistan, Hindistan və s.) təşkilatçılığı, “HAYAT” və “Refugee Women and Youth Center” humanitar təşkilatlarının dəstəyi ilə 13 iyun 2014-cü il tarixdə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilmişdir.
Tədbiri məktəbin direktoru Kifayət Tanrıverdiyeva giriş nitqi ilə açmışdır və təşkilatçılara öz minnətdarlığını bildirərək qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların inkişafı və formalaşması üçün belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulamışdır.
Xeyriyyə tədbirində uşaqların əl işləri olan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmış, uşaqlar arasında idman yarışları keçirilmiş, musiqi və rəqs nömrələri ilə çıxışlar olmuşdur. Sonda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.