Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi
Bu gün Nəsimi Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə toplantı keçirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq rayon ərazisində fəaliyyət göstərən dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Nəsib Məhəməliyev bildirmişdir ki, Azərbaycanda dövlət qulluqçuları günü cənab Prezident İlham Əliyev tərəfindən təsis edilib və hər il bu bayram münasibətilə tədbirlər keçirilir. Ulu öndər heydər Əliyevin əsasını qoyduğu ənənələr və dövlət qulluğu məsələləri ilə bağlı siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, dövlət qulluqçuları dövlət və cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırlar.
Tədbirdə çıxış edən RİH ümumi şöbəsinin müdiri Nazim Quliyev “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi, onun ayrı-ayrı müddəaları və qanundan irəli gələn vəzifələr haqqında ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, 21 iyul 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanun tələb edir ki, dövlət qulluqçuları öz fəaliyyətlərində insan hüquqlarını, demokratik prinsipləri, yüksək etik davranış qaydalarını rəhbər tutmalı, cəmiyyətin və dövlətin mənafeləri naminə öz vəzifə borcunu səmərəli şəkildə yerinə yetirməlidir.
RİH hüquq şöbəsinin əməkdaşı Səbinə İlyasova çıxışında dövlət quluqçusunun əməl etməli olduğu qanunlar və hüquqi prinsiplər haqqında danışmışdır.
RİH başçısı Nəsib Məhəməliyev toplantıya yekun vurmuş və dövlət qulluğu sahəsində səmərəli xidmətə görə RİH başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva və hüquq şöbəsinin əməkdaşı Səbinə İlyasovanı Fəxri Fərmanlarla təltif etmişdir.