“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ağa-Əli Əhmədov, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova, Şəhər Narkoloji Dispanserinin Nəsimi rayonunun həkim-narkoloqu Təriqə Quliyeva, RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis kapitanı Ramin Mehdiyev, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Nəsimi rayonunda yerləşən məktəblərin kollektivləri və universitet tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyanın sədri Ağa-Əli Əhmədov açdı. O, çıxışında narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışdı. O, həmçinin qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi üzrə Rayon Komissiyaları dövlət başçısı İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”, eyni zamanda bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə çalışırlar.
Sonra tədbirdə "Narkotiklər bütün dünyanın bəlasıdır" adlı videoçarx nümayiş etdirildi.
Daha sonra tədbirdə iştirak edən Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova, Şəhər Narkoloji Dispanserinin Nəsimi rayonunun həkim-narkoloqu Təriqə Quliyeva, 16 saylı texniki-Humanitar Liseyin Direktoru Ülviyyə Vəliyeva və 20 nömrəli Şəhər Poliklinikasının həkim terapevti Fəxriyyə Əhmədova mövzu ətrafında çıxışlar etdilər. Onlar da çıxış zamanı əsasən gənclər arasında yayılan narkomaniyaya meyillik hallarının aradan qaldırılması üçün atılması vacib olan addımlardan danışdılar.