Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsinin 45 illiyinə həsr olunmuş tədbir.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Əsası ulu öndər tərəfindən qoyulan siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva məruzə ilə çıxış etdi. O, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək tədbirə yekun vurdu.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində oldular. Onlar burada yaradılmış Heydər Əliyev Muzeyi ilə yaxından tanış oldular.