Nəsimi rayonunda növbəti səyyar qəbul keçirildi
2014-cü il iyulun 15-də Nəsimi rayonu, Nizami küçəsi 118 saylı ünvanda Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Nəsib Məhəməliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş uğurlu nailiyyətlər, eləcə də cənab Prezidentin etdiyi xarici səfərlər, iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verdi.
Daha sonra rayon sakinlərindən Bəşirov Vidadi Paşa oğlu, Quliyeva Naida Araz qızı, Əpiyev Əhməd Əpi oğlu, Seyidova Balaxanım Məhərrəm qızı, Mövsümov Mövsüm Zeynal oğlu və başqaları çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər, həmçinin bir sıra təkliflər səsləndirdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Nəsib Məhəməliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.