Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu: ilin birinci yarısı uğurlu olub

16 iyul 2014 | 15:00

Nəsimi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2014-cü ilin birinci yarısı ölkəmizin iqtisadiyyatı üçün uğurlu olmuş, bütün sahələrdə müsbət göstəricilər əldə edilmiş və qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Bu dövrdə ölkəmizdə ümumi daxili məhsul artımı 21 faiz, qeyri-neft sektorunda isə 7% olmuşdur. Ölkəmizin iqtisadiyyatına 7,6 milyard manat həcmində investisiya qoyulmuşdur ki, bunun da 70%-ni daxili investisiyalar təşkil etmişdir. Bu dövrdə 65 min yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 440 manat səviyyəsində olmuşdur.

2014-cü ilin birinci yarısı bütün sahələrdə ölkəmiz üçün uğurlu olmuş və iqtisadiyyatımızda dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

İlin birinci yarısında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. 2014-cü ilin yanvar-iyun ayları ərzində rayonda 183 milyon 635 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.1 faiz çoxdur. Bu dövrdə rayonda 1529 yeni iş yeri yaradılmışdır.

İlin altı ayı ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 410 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 321 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, ilin altı ayında rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 520 milyon 715 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu dövrdə rayondakı rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 19 mln 419 min manat olmuşdur. Nəqliyyat müəssisələrindəki iş və xidmətlərin həcmi isə 7.5 faiz artaraq 241 mln. 341 min  manata yüksəlmişdir.

2014-cü ilin 6 ayı ərzində Nəşimi Rayon Qaz İstisamarı İdarəsi tərəfindən satılan qazın dəyərinin 101,2 faizi ödənilmişdir. Rüb ərzində rayonun qaz istismar sahəsi tərəfindən, ümumilikdə  1816 mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunmuşdur.

Rayon ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. Hazırda “Heydər park”ında yenidənqurma işləri görülür, Cavadxan küçəsində isə yeni park salınır. Binaların fasadlarında təmir işləri aparılır.

Rayondakı “Təzə Bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində yarmarkalar təşkil edilib. Burada hər həftə bazar qiymətlərindən aşağı 40-50 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılır.

Rayon ərazisində istehsal olunan və satılan malların keyfiyyətinə nəzarəti güçləndirmək məqsədilə icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və bu istiqamətdə işlər rayon rəhbərliyinin daim nəzarətindədir.

Sonra Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi L.Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi R.Yusifov, rayon qaz istismar sahəsinin rəisi M.Kərimli və başqaları çıxış etmişlər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Tədbirin sonunda cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan Nəsimi RİH-nin əməkdaşı Xalid Kərimova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edildi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etmişdir.

Keçidlər