Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün cənab Prezident İlham Əliyev Maliyyə Nazirliyinin yeni binasında olub

25 iyul 2014 | 15:00

Maliyyə naziri Samir Şərifov cənab İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.

Qeyd edilib ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtda Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olunub. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub.

Daha sonra dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.

Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxıb.

Sonra prezident cənab İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edilib ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verilib.

Keçidlər