Nəsimi rayonu ərazisində yeni yol istifadəyə verildi.
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində ("Xutor dairəsi") inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan ibarətdir ki, bütün yol-nəqliyyat infrastrukturu beynəlxalq standartlar səviyyəsində "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq yaradılır. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. İndi paytaxtda və regionlarda həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur.
İnşa edilən ən mühüm yol-nəqliyyat qurğularından biri də paytaxtın Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində ("Xutor dairəsi") tikilən müxtəlif səviyyəli yol qovşağıdır. Bu qovşağın inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd edildi ki, qovşaqda üç tunel, bir körpü, iki piyada keçidi inşa olunub. Buradakı tunellərin uzunluğu 880, 827, 450 metr, ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Qovşaqda müasir səviyyədə inşa edilən körpünün uzunluğu 630 metr, eni isə 12 metrdir.
Cənab Prezident İlham Əliyev qovşağın rəmzi açılışını bildirən lenti kəsdi.
Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər tunellərdən 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edir. Bu nəqliyyat layihəsinin icrası nəticəsində Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillərin respublikamızın şimal bölgəsinə və əks istiqamətə gedən magistrallara rahat çıxışı da təmin olunur. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə bilir. Bu isə öz növbəsində Qələbə meydanından mikrorayonla və əks istiqamətə maneəsiz hərəkətin təmin edilməsinə imkan yaradır. Burada əvvəllər yol dar olduğundan böyük tıxaclar yaranırdı və nəticədə nəqliyyatın hərəkəti iflic olurdu. Qovşağın istifadəyə verilməsi isə problemi həll etməklə yanaşı, paytaxtımızda nəqliyyat infrastrukturu ilə bağlı həyata keçirilən layihələrin miqyasını göstərir.
Layihəyə əsasən qovşaqda yan və tunelüstü yollar da inşa olunub. Bundan başqa, tunelüstü yollarda ətrafda yaşayan sakinlərin istirahəti üçün guşələr yaradılıb, yaşıllıq salınıb və uşaq attraksiyonları qoyulub. Həyata keçirilən tikinti işləri çərçivəsində yaxınlıqda yaşayan sürücülərin avtomobillərini saxlaması üçün dayanacaq da yaradılıb. İnşaat işləri zamanı bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib. Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu nəhəng yol qurğusunun tikintisi nəqliyyatın sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.