Dini icmaların nümayəndələri ilə görüş
Əvvəlcə tədbir iştirakçıları Nəsimi RİH-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq görüş iştirakçılarını salamladı və qeyd etdi ki, din xadimlərinin cəmiyyətdə çox böyük rolu var, ona görə də bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. O, ölkəmizdə hər zaman milli-mənəvi dəyərlərimizə, dinimizə hörmət və qayğı ilə yanaşıldığını, həmçinin dinin dövlətdən ayrı olmasına baxmayaraq dövlətin dayağı kimi çıxış etdiyini diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Nəsimi rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verdi.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin qazisi Bəhruz Əzizov, "Məşədi Dadaş" məscidi dini icmasının rəhbəri Şahin Həsənov, millət vəkillər Ziyad Səmədzadə və Asim Molazadə çıxış edərək dövlətin dini sahədə apardığı islahatlardan danışdılar.
Daha sonra DQİDK-nın sədri Mübariz Qurbanlı gündəlikdə duran məsələ barədə geniş nitq söylədi. O, son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından və bundan siyasi məqsədləri üçün istifadə etmək cəhdlərindən söz açıb, belə halların qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini bildirib: “Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir”.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir və cənab Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlərin tikilməsi, dini abidələrin bərpa olunması dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev keçirilən görüşü yüksək qiymətləndirərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə fəaliyyətində uğurlar arzuladı.