Azərbaycan gəncliyinin inkişafında neft strategiyasının rolu
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 22 oktyabr 2014-cü il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasında “Azərbaycan gəncliyinin inkişafında neft strategiyasının rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev mövzunun aktuallığını diqqətə çatdıraraq bildirdi ki, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövləti hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklərlə üzləşmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. Bu baxımdan 1994-cü ilin sentyabrın 20-də xarici neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının əsası qoyuldu.
Sonra çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının “İctimai fənlər” kafedrasının müəllimi Sevinc Hüseynova, Tələbə Gənclər Təşkilatının sədri Xəyalə İsmayılova, fəal tələbələr Kamal Ağayev və Leyla Süleymanova əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Azərbaycan gəncliyinin inkişafındakı rolundan bəhs etdilər. Qeyd olundu ki, neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranmışdır.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Roman Süleymanov və Qoşqar Qurbanlı təqdimatla çıxış etdilər. ARDNŞ-nin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan əməkdaşlar SOCAR-ın daxili və xarici təqaüd proqramları, “ödənişli yay təcrübəsi” layihələri haqqında ətraflı məlumat verdilər. Qeyd etdilər ki, şirkətin əməkdaşları gənclər üçün təsis edilmiş layihələrin təbliği və eyni zamanda tələbələrin karyera yüksəlişlərinə təkan vermək niyyəti ilə orta və ali təhsil ocaqlarında təhsil alan şagird və tələbələrlə mütəmadi olaraq görüşlər keçirir və ARDNŞ-nin kadr hazırlığına yönəlmiş fəaliyyətləri barəsində ətraflı təqdimatlarla çıxış edirlər.
Sonda şirkət əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırdılar.